"Elə etməliyik ki, saxta COVID-19 pasportu alanlar adam içinə çıxmağa utansınlar" - Razi Nurullayev
"Birinci Qarabağ müharibəsində övladını gizləyib müharibəyə göndərməyənə yaxşı baxırdılar və deyirdilər ki, ağıllı və fərasətli adamdır. İkinci Qarabağ müharibəsində isə bu tip insanlara nifrətlə baxırdılar və müharibədən yayınanlar və yaxud çağırılmayanlar özlərini pis hiss edir, adam içinə çıxmırdılar. Saxta COVID-19 pasportları ilə də eyni hadisə baş verməlidir”.
Sfera.az bildirir ki, bunu deputat Razi Nurullayev deyib. O bildirib ki, saxta passport almaq həm özünü, həm onu verən həkimi, həm də ətrafdakıları təhlükəyə atmaqdır:
"Birdən xəstələnsəniz və xəstəxanaya yerləşdirilsəniz, valideynləriniz, qohumlarınız qorxu və həyəcandan etiraf etməli olacaqlar ki, peyvənd pasportu saxta olub. Bunu ona görə edəcəklər ki, müalicə düzgün aparılsın. Bu zaman nə baş verəcək? Xəstəxana, həkim müəyyən edilib həbs ediləcək və nəticədə onlarla insan da aşkara çıxarılıb məsuliyyətə cəlb ediləcək”.
Millət vəkili bunun risk olduğunu qeyd edib:
"Neçə ailə, insan stres yaşayacaq. Saxta pasport alanlara da fərasətli adam kimi baxmayaq, onlara elə yanaşaq ki, qoy məsuliyyət və qorxu hiss etsinlər”.
Türkan
Sfera.az






