Köhnə avtomobillər qəzalara səbəb olur – Çıxış yolu nədir?
"Azərbaycanda təxminən milyon yarım avtomobil var. Təssüf ki, bu nəqliyyat vasitələrinin əksəriyyəti istismar müddətini başa vurmuş yararsız avtomobillərdir".
Bu sözləri Sfera.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib. Mütəxəssisin sözlərinə görə, köhnə avtomobillər qəzalara, xüsusilə də ağır qəzalara şərait yaradır:
"Köhnə avotmobillər yararsız olduğu üçün qəzaya düşmə ehtimalı da böyük olur. Belə avtomobillər qəzaya düşərkən ağır faciələr yaşanır.
"Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" imzalanıb və proqrama görə yararsız avtomobillər yığışdırılmalıdır. Proqramda bunun üçün utulizasiya, yeni avtomobillərin gətirilməsi üçün həvəsləndirici addımların atılmalı olduğu göstərilib. Belə ki, ölkəyə gətirilən avtomobillərin gömrük rüsumları, aksiz vergisi azaldılmalıdır ki, sahibkarlar çətinlik çəkməsin".
Nəqliyyat eksperti gömrük rüsumlarının avotmobillər üçün yüksək olduğunu deyib:
"Bundan başqa ölkəyə idxal olunan avtomobillərin vətəndaşlar tərəfindən istismarını həvəsləndirmək üçün belə avtomobillərə verilən kredit faizləri azaldılmalı, şərtlər yüngülləşdirilməlidir. Bu gün vətəndaşlarımızın əlində 10-15 min manat pul olur, lakin bu pulla avtomobil almaq mümkün olmadığı üçün məcbur qalıb, köhnə Sovet istehsalı olan maşınlar alırlar.
Yararsız avtomobilləri utulizasiya prosesi bir qədər çətin məsələdir. Yəni əgər vətəndaşın avtomobilini əlindən alıb, utilizasiya ediriksə, vətəndaş üçün də bunun müqabilində müəyyən təklif olmalıdır. Utilizasiya üçün kredit şərtləri sadələşməlidir.
Bu gün minik avtomobillərinin çoxu yararsızdır. Təəssüf olsun ki, dövlət proqramında qeyd olunan müddəalar hələ də icra olunmayıb. Halbuki 2019-2023-cü illərdə bütün bu problemlər aradn qaldılrmalı, köhnə Sovet avtomobilləri dövriyyədən yığışdırılmalı idi".
Əzizə ZeynalSfera.az






