Məişət zorakılığı qurbanlarının icbari tibbi sığortası ilə bağlı məsələ qaldırıldı
Sfera.az bildirir ki, hüquqşünas sözügedən şəxslərdən bəzilərinin heç zaman işləmədiyini və tibbi sığortalarının olmadığını vurğulayıb. Zeynalova qeyd edib ki, onların sağlamlıq məsələləri qanunda nəzərdə tutulsa da, sığortaya görə, hazırda mümkün deyil.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də mövcud problemin olduğunu təsdiqləyib. O, sığınacaqda yaşayan sakinlərin müddəti bəlli olmayan zorakılıq qurbanları olduğunu və nə qadın, nə də uşaqların icbari sığortasını heç kimin düşünmədiyini deyib:
"Qeydiyyatı, iş yeri olanlarla bağlı bu qədər problemlər olan yerdə bu şəxslərin dərdinə yanan olmayacaq. Çünki onlar bizdən başqa heç kimə maraqlı deyil. İstər səhiyyə, istər təhsil məsələlərində”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məsələ ilə bağlı Mehriban Zeynalovanın sorğusuna cavab verilib. Qeyd edilib ki, rəsmi əmək müqaviləsinə əsasən işləyən şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər istisna olmaqla, hər kəs icbari tibbi sığorta haqqı ödəməkdən azaddır: "Onların sığorta haqları dövlət büdcəsi hesabına ödənilir".
M.Zeynalova isə qeyd edib ki, sonuncu bəndlər üzrə praktikada vəziyyət belə deyil.
"Qurumun rəsmi elektron ünvanına məsələnin müsbət həllinə nail olunması üçün müraciət etdim. Ümidvaram, bu məsələ tezliklə ölkə qanunvericiliyinə və eləcə də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara uyğunlaşdırılacaq”, - deyə o, əlavə edib.
Günay Rəsulqızı
Sfera.az






