"Hər bir vətəndaşımızın İsa bulağının suyundan dadacağı gün uzaqda deyil” - Millət vəkili
"Öz tarixi yerləri ilə fərqlənən, qürur mənbəyimiz Şuşa şəhəri uzun müddət Qarabağın əsas iqtisadi mərkəzlərindən hesab olunub. Həm şəhər, həm də eyniadlı rayon sənaye, kənd təsərrüfatı və xüsusən emaledici sektorların inkişafı üzrə fərqlənib".
Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.
Millət vəkil qeyd edib ki, Şuşa zəngin turizm potensialı ilə fərqlənir:
"Hər bir azərbaycanlı üçün Şuşa mədəniyyətimizin və tariximizin rəmzidir. Şuşanın əsas rəmzlərindən olan və tariximizdə xüsusi yer tutan İsa bulağı yenidən bərpa olunub. İsa bulağı Şuşa şəhərindən iki kilometr aralı, dəniz səviyyəsindən təqribən 1500 metr hündürlükdə meşədə yerləşir.
Tarixi bilgilərə görə, bulaq XVIII əsrdə ilk dəfə meşəlikdə aşkar edilmiş və İsa adını almışdır. İsa bulağı ilə yanaşı, Turşsu yaylaqları, Səkili bulağı, Şəmilin bulağı, Cıdır düzü turizm baxımdan xüsusi üstünlüyə malikdir.
Şuşa yenidən qurulur və bərpa edilir. İsa bulağı əvvəlki əzəmətinə qayıtdı. Niyyətində olan hər bir vətəndaşımızın İsa bulağının suyundan dadacağı gün uzaqda deyil”.
Turan Rzayev
Sfera.az






