Prezident spirtli işkilərin kartla satışını ləğv etdi
Bu gündən etibarən ölkədə aksiz malların plastik kartlarla satışı dayandırılıb.
Bu barədə Vergilər Nazirliyinin müavini Sahib Ələkbərov AZTV-yə müsahibəsində deyib. O qeyd edib ki, sahibkarların ölkə başçısına çoxsaylı müraciətlərini nəzərə alaraq bu qərar qəbul edilib:
“Bu gündən etibarən spirtli içkilərin nağd qaydada satılmasında heç bir problem olmayacaq. Baxmayaraq ki, bütün mağazalarda post terminallar quraşdırılıb, ödəmə məntəqələrinin sayı kifayət qədərdir. Amma insanlarımız buna alışmadılar. Bu məsələni geniş təbliğ etməyə ehtiyac var. Həm də sahibkarlar müraciətlərində spirtli içkilərin sənədləşməsi ilə bağlı problemlərin olduğunu qeyd edib. Bu sənədləşmə işlərinin başa çatdırılması üçün sahibkarların müraciətləri nəzərə alınıb. Bu qərar imkan verəcək ki, sahibkarlar sənədləşmə işlərini başa çatdırsın. Eyni zamanda, bundan sonra mağazalarda vətəndaşlar həm nağdsız, həm də nağd formada spirtli içkilər ala bilərlər”.
BUNA GÖRƏ LƏNKƏRANDA AKSİYA OLMUŞDU
Qeyd edək ki, bu gün Lənkəranın Liman şəhərində aksiya keçirilib.
Lənkəran İcra Hakimiyətindən bildirilib ki, 1 yanvar 2016-cı il tarixdə spirtli içkilər və tütün məmulatların plastik kartla satışından ötrü mağazalarda həmin məmulatların olmaması və olanlardan da satıcıların plastik kart olmadığından ala bilməmələrinə görə 100-ə yaxın Liman sakinləri və ətrafa toplaşan vətəndaşların buna etiraz əlaməti olaraq aksiya keçirməyə və Ələt-Astara yolunu bağlamağa cəhd ediblər:
"Lənkəran Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin onlarla profilaktik izahedici söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar. Hazırda Liman şəhərində və rayon ərazisində vəziyyət sabitdir".






