Azərbaycanda qadınlar kişilərdən daha sağlam ömür sürür - Statistika
Azərbaycanda qadınların sağlam ömür uzunluğu kişilərlə müqayisədə xeyli artıqdır.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2020-ci ilin yekunlarına əsasən sağlam ömür uzunluğu qadınlarda 67,2 yaş, kişilərdə 60,9 yaş olub.
Ötən il COVİD-19 virusunun təsiri ilə həm qadınların, həm də kişilərin sağlam ömür uzunluğu qısalıb. Amma qısalma qadınlarla müqayisədə kişilərdə daha böyük olub.
2019-cu ildə qadınlar 68,5 yaş sağlam ömür sürmüşdülərsə, bu göstərici kişilərdə 63,6 il idi. Ötən il sağlam ömür uzunluğunda fərq 4,9 il olmuşdu. Bu il isə qadın və kişilər arasında sağlam ömür uzunluğundakı fərq 6,3 ilə yüksəlib.
Sağlam ömür uzunluğu göstəricisi orta ömür uzunluğu əsasında hesablanır və insanın sağlam nə qədər yaşadığını göstərir.
Ötən il sağlam ömür uzunluğu göstəricisinin kişilərdə daha çox pisləşməsi kişilər arasında ölüm hallarının daha çox artması ilə bağlıdır. 2020-ci ildə qadınlar arasında gözlənilən ömür uzunluğu 78,7 yaşdan 76,5 yaşa düşdüyü halda, kişilərdə 74 yaşdan 70,1 yaşa düşüb. Kişilərdə gözlənilən ömür uzunluğu 3,9 il, qadınlarda 2,2 il azalıb.
Vasif
Sfera.az






