"Şirkət çatdırılmaları “Zaporojec” markalı maşını ilə edirdi" - Milli daşıma xidmətinin qurucusu
""Azeri Express” isə 2018-ci ildən dünyanın ən böyük poçt şirkəti olan "FedEx”-i Azərbaycanda təmsil edir. Əmim artıq daha çox qlobal qərarların verilməsində iştirak edir və rahatlıqla illər əvvəl çəkdiyi əziyyətin bəhrəsini görməkdədir".
Sfera.az xəbər verir ki, bunu "Azəri Ekspress” şirkətinin rəhbəri Şaiq Qəribzadə şirkətin yaranma tarixi və uğur hekayəsi barədə öz sosial şəbəkə hesabında paylaşım edib.
"Mən hər zaman sırf Azərbaycan brendlərinin uğuruna sevinmişəm. Anadolu, AZZA, Novco, Xurcun və digərləri. Çox sevindirici haldır ki, son zamanlar sahibkarlar daha çox yerli adlara, yerli brendlərin yaranmasına üstünlük verirlər.Bizim şirkətimizində özünün uğur hekayəsi var. Hər zaman TNT brendinin kölgəsində qalan "Azeri Express” bu il artıq 27-ci ilini qeyd edəcək. Azeri Express şirkətinin yaranma tarixi çox maraqlıdır. 1995-ci ildə ölkəmizin müstəqilliyinin ilk illərində biznes mühiti qeyri adi idi, əmim bir müddət DHL şirkətində kuryer işləyəndən sonra öz şirkətini açmaq fikrinə gəlir. Türkiyənin "Ase Express” şirkəti ilə razılaşıb onları ölkəmizdə təmsil etməyə başlayır.
Həmin zamanlar özü şirkətin yeganə əməkdaşı olur, çatdırılmaları isə "20 Yanvar” hadisələrində göstərmiş olduğu igidliyə görə dövlət tərəfindən verilən "Zaporojec”- markalı maşını ilə edirdi. Əmim danışır ki, "Səhər saat 6-da evdən çıxırdım və gecə 12-də qayıdıb gördüyüm işlərin hesabatlarını hazırlayırdım. Eyni həyətdə böyüdüyüm qonşularımı bir neçə dəfə mənimlə bir yerdə çalışmağa çağırsamda heç biri bu qrafiklə işləyib gələcəkdə "yaxşı olacaq” vədlərinə inanmadı. Təəssüf ki, onu da qeyd etməliyəm ki onların çoxu elə 27 il bundan əvvəl olduğu kimi, bu gündə bütün vaxtlarını küçədə nərd oynamaqla keçirirlər.
Şaiq Qəribzadə bilirib ki, "Ase Express” ilə yollarını ayırdıqdan sonra şirkətimiz dünyanın top 4 poçt şirkətlərindən olan TNT şirkətinin ölkəmizdə rəsmi nümayəndəsi olub və düz 25 ildir ki bu adı fərəhlə daşıyır:
"Bu illər ərzində "Zaporojec”-ləri yeni yük maşınları, balaca bir otağı isə 4 mərtəbəli ofis əvəzlədi.
"Azeri Express” isə 2018-ci ildən dünyanın ən böyük poçt şirkəti olan "FedEx”-i Azərbaycanda təmsil edir. Əmim artıq daha çox qlobal qərarların verilməsində iştirak edir və rahatlıqla illər əvvəl çəkdiyi əziyyətin bəhrəsini görməkdədir.






