Mal ətində təhlükə varmı? - Rəsmi açıqlama
Kateqoriya məlum deyil
Bir sıra kütləvi informasiya vasitələrində Bərdə rayonunun Hacılar və Böyük Göyüşlü kəndlərində iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yayılması və heyvanlar arasında tələfatın olması barədə məlumatlar verilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət
Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) Qaynarinfo.az-a daxil olan məlumata görə,
2016-cı il ərzində respublikada iri və xırdabuynuzlu heyvanlar arasında dabaq
xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılıb və hazırda epizootik vəziyyət
sabitdir.
Kütləvi informasiya vasitələrində yayılmış
məlumatla əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Bərdə
rayonuna ezam olunublar. Onlar rayonun Hacılar və Böyük Göyüşlü kəndlərində
araşdırmalar aparıb, heyvanlara baxış keçirib, təsərrüfatlarda dabaq xəstəliyi
ilə xəstələnmiş və xəstəliyə şübhəli heyvanlar aşkar olunmayıb.
Araşdırmalar zamanı KİV-lərdə adları çəkilən
kənd sakinlərinin özlərinin iştirakı ilə həyətlərindəki heyvanlara da baxış
keçirilib, heyvan sahiblərindən izahatlar alınıb, təsərrüfatlarda dabaq
xəstəliyi ilə xəstələnmiş və xəstəliyə şübhəli heyvanlar aşkar olunmayıb.
Həmçinin araşdırmalar zamanı kəndlərdə heyvanlar arasında ölüm halının olmadığı
da müəyyən olunub.
Xatırladırıq ki, bütün respublika ərazisində
olduğu kimi, Bərdə rayonunun Hacılar və Böyük Göyüşlü kəndlərində də heyvanlar
arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılıb.
Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və
heyvan sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda hər hansı narahatçılıq
olarsa vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq
idarələrinə, eləcə də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin "qaynar xətt”inə
(tel: 012-562-76-13) müraciət etsinlər, bütün müalicə-profilaktika tədbirləri
baytar həkimlərinin iştirakı və nəzarəti altında aparılsın.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət
Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada heyvanlar arasında dabaq
xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir
və vəziyyətə nəzarət olunur.






