“Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alır” - Deputat
"Belə yarışlarda iştirak ölkəmiz üçün ona görə əhəmiyyətlidir ki, bununla Azərbaycan həm öz təcrübəsini paylaşır, həm də yeni təcrübələr öyrənir”.
Bu sözləri Sfera.az-a açıqlamasında Rusiyada keçirilən "ARMİ-2021” 7-ci Beynəlxalq Ordu Oyunlarında Azərbaycanın iştirakının ölkəmizə qazandıracağı üstünlüklərdən danışarkən, Milli Məclisin deputatı Elman Nəsirov deyib:
"Burada iştirakımız həm də Rusiya Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin məntiqindən doğan məsələdir. Belə yarışlardan bütün tərəflər qazanır. Çünki, belə oyunlar ilk növbədə Silahlı Qüvvələrin istənilən situasiyaya çevik reaksiya vermək qabiliyyətini və hədəfə çatmaq potensialını ortaya qoyur. Ona görə də orada iştirak ölkəmiz üçün əhəmiyyətlidir. İlk dəfə deyil ki, belə oyunlara qatılırıq. İstənilən halda bu yarışlar ölkəmiz üçün mühüm məna kəsb edir”.
Deputat bildirib ki, 44 günlük müharibədə qalib gələn ordumuzun hərbi idman yarışında iştirakı Azərbaycana diqqəti artıracaq:
"Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alır. Ordumuz praktik baxımdan Vətən müharibəsi dövründə öz qəhrəmanlıq, sücaət və potensialını bütün dünyaya nümayiş etdirdi. 44 günlük müharibədə qazandığımız tarixi qələbə Azərbaycan Prezidentinin söylədiyi kimi, dünyanın ən nüfuzlu hərbi məktəblərində araşdırılır, tətbiq olunur, nəticə çıxarılır və öyrənilir. Bu baxımdan Azərbaycan Silahlı Qüvvələrinin gücü, qüdrəti və potensialına beynəlxalq aləmdə də böyük diqqət yaranıb. Rusiyada keçirilən hərbi oyunların gedişatında Azərbaycan Silahlı Qüvvələrinin iştirakı, onların öz bacarıq, vərdiş və biliklərini nümayiş etdirmələri də diqqətlə izlənməkdədir. Söhbər sıradan olan bir ordunun hərbi qulluqçularının bu oyunlara qatılmasından getmir. Söhbət tarixi hərbi zəfərə imza atan ordumuzun hərbçilərinin iştirakından gedir. Bu baxımdan da sözügedən yarışlar böyük maraq doğurur”.ELÇİN






