Bakının daha bir ərazisində sarı tor çəkildi - VİDEO
Paytaxtda nəqliyyat şəraitinin yaxşılaşdırılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması istiqamətində növbəti araşdırmalar Ceyhun Hacıbəyli küçəsinin Abbasqulu ağa Bakıxanov və Ənvər Qasımzadə küçələri ilə kəsişməsində aparılıb.
Sfera.az xəbər verir ki, aparılan araşdırmalar zamanı A.Bakıxanov küçəsinin Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsindən gün ərzində 50.000-dən artıq nəqliyyat vasitəsi keçdiyi və həmin nəqliyyat vasitələrinin böyük əksəriyyətinin sola dönərək "Gənclik” metro stansiyasına istiqamətləndiyi, Ceyhun Hacıbəyli–Ənvər Qasımzadə küçələrinin kəsişməsində hərəkətin nizamlanmadığı səbəbindən xaotik vəziyyətin yarandığı, Ənvər Qasımzadə küçəsi ilə hərəkətdə olan avtobusların ləngiməsi və sərnişindaşıma xiddətində keyfiyyətin aşağı düşməsi, kəsişmənin hərəkəti buraxma qabiliyyətinin aşağı, nəqliyyat intensivliyinin isə yüksək olması səbəbindən tıxac və sıxlıq hallarının yaranması, Bakı Zoologiya Parkı və Koroğlu parkına piyada axınının çox olması aşkar edilib.
Həyata keçirilmiş dəyişikliklər nəticəsində C.Hacıbəyli – Ənvər Qasımzadə küçəsinin kəsişməsində svetofor obyektləri quraşdırıb, eyni zamanda kəsişmədə üfuqi nişanlanma xətti ilə sarı tor çəkilib.
Bunun nəticəsində C.Hacıbəyli – Ənvər Qasımzadə küçələrinin kəsişməsindəki mübahisəli nöqtələr aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin edilmiş və yol hərəkəti təhlükəsizlik səviyyəsi artırılıb, tıxac və sıxlıq hallarının baş vermə ehtimalı azaldılıb. Marşrut avtobuslarının qrafikində yaranan gecikmələrin aradan qaldırılılması ilə sərnişindaşıma xiddətinin keyfiyyəti artırılıb.
BNA tərəfindən təşkil edilən nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların təhlükəsizliyi maksimum həddə çatdırılıb.






