Azərbaycanda dəhşətli hadisə - Həkim xəstənin sağlam ayağını kəsdi - FOTO (YENİLƏNİB)
Səhiyyə Nazirliyi Azərbaycanda həkimin sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, hazırda Səhiyyə Nazirliyində məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb və araşdırmalar aparılır. Eyni zamanda, məsələ Hüquq Mühafizə Orqanları tərəfindən də araşdırılır. Həm Səhiyyə Nazirliyi Tibbi Ekspertizanın həm də Hüquq Mühafizə orqanının nəticələri toplandıqdan sonra ictimaiyyətə açıqlama veriləcək
Angioloji Mərkəzin direktoru Azər Şəmsəddinski Sfera.az-a açıqlamasında bildirib ki, həmin xəstə uzun illərdir hər iki ayağında olan xəstəliyə görə müalicə alırdı. Onun ayağına diabetin qanqrena diaqnozu qoyulmuşdu.
"Onu müalicə edən həkim Valeh Kərimovun sözlərinə görə amputasiya olunan ayağa da dərhal müdaxilə edilməli idi. Səhiyyə Nazirliyinin bu işlə bağlı yaratdığı xüsusi komissiya hazırda mərkəzdədir. Onlar araşdırma aparırlar. Digər ayağın nə üçün amputasiya edilməməsinə gəldikdə, bununla bağlı araşdırma aparılır. Araşdırma aparılandan sonra məlumat veriləcək”.
***
15:08
Azərbaycanda həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsib.
Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə məsələnin araşdırılacağını bildirdilər.
anspress.com //
Sfera.az








