"Dövlət başçımızın birmənalı mövqeyi Ermənistana havadarlıq edənlər üçün də sirr deyil"
Prezidentin ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində Azərbaycan Televiziyasına iyulun 22-də verdiyi müsahibə də istisana deyil. Əksinə, düşünürəm ki, bu müsahibə Ermənistan hakimiyyətini və onun siyasi palitrasında təmsil olunan bütün cinahları daha çox silkələyəcək, himayədarlarını isəxaotik davranışlarında və absurd ermənipərəst bəyanatlarında diqqətli olmağa sövq edəcək. Gəlin, etiraf edək ki, erməni lobbiçiliyinin geniş maliyyə və siyasi təsir imkanlarından məlumatlıolsaq da, zaman-zaman aldığımız rəsmi informasiyalar onların real resursları barədə daha dolğun təsəvvür yaradır. Məsələn, dövlətimizin başçısı müsahibədə Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin qarşısında hansı çətinliklərin dayandığını, hətta ABŞ kimi supergücün layihənin gerçəkləşməsinə razılıq vermək istəmədiyini və bunun səbəbini açıqladı:
" Nəyə görə? Ermənistana görə. Erməni lobbisi, hansı ki, bu gün də böyük ölkələrin paytaxtlarında at oynadır, o vaxt bütün gücləri səfərbər etmişdi ki, bu, baş tutmasın, çünki Ermənistan kənarda qalır”.O zaman layihənin reallaşdırılması üçünölkəmizin etdiyi müraciətləribeynəlxalq maliyyə-kredit qurumları da müsbət cavablandırmamışdı. Azərbaycan maliyyə yükünün ciddi hissəsini öz üzərinə götürərək, Türkiyə və Gürcüstanla birgə strateji layihəni reallaşdıra bildi. Yaşananlara rəğmən, dövlətimizin başçısı qeyd etdi ki, ölkəmiz ABŞ və Avropa İttifaqı ilə bərabərhüquqlu, qarşılıqlı şəkildə faydalı olan əlaqələrin dərinləşməsində maraqlıdır: "Olan olub, keçən keçib. Əsas odur ki, biz istəyimizə nail ola bilmişik. Amma bu tarixçə onu göstərir ki, bizim bu təşəbbüslərimiz vaxtında, düzgün atılmış təşəbbüslərdir. Əgər kimsə birinci, ilkin mərhələdə bunu anlamırsa, illər keçdikcə, bunu anlamağa başlayıb. Bu gün nəqliyyat sahəsində Avropa İttifaqı-Azərbaycan əlaqələrinin xüsusi gündəliyi vardır”.
Prezident İlham Əliyevin bu müsahibəsi də ölkəmizin hədəflərinin dəqiq ifadə edilməsi və Azərbaycanla münasibətlərdə maraqlı olan dairələrə səmimi mesajların göndərilməsi ilə yadda qaldı. Məlum olduğu kimi, artıq Azərbaycan Avropa İttifaqına üzv dövlətlərin doqquzu-üçdəbiri ilə strateji tərəfdaşlıq haqqında saziş ya da bəyannamə imzalayıb. Bu, ölkəmizin müəyyən etdiyi strateji hədəflərə doğru atdığı addımların mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin Avropa İttifaqına verdiyi səmimi ismarıclardan biri də bu oldu: "Sazişin 90 faizi razılaşdırılıb, qalan məsələlər də, hesab edirəm ki, realizm prinsipləri üstünlük təşkil etsə və bəzi məsələlərlə bağlı bizim narahatlığımız nəzərə alınsa, bu saziş yaxın günlərdə, bəlkə də yaxın aylarda imzalana bilər”.
Dövlətimizin başçısı Avropa İttifaqı tərəfindən Ermənistana 2,6 milyard, Azərbaycana isə cəmi 150 milyon avro həcmində vəsaitin ayrılması məsələsinə toxunarkən, İttifaqla gələcək münasibətlərdə və yeni sazişin bağlanması ərəfəsində yalnız səmimi izah və səmimi etiraflara üstünlük verdiyini gizlətmədi: "Qoy desinlər ki, bu ermənipərəstlikdir, qoy açıq desinlər, mən açıq söhbətin tərəfdarıyam ...Hansısa diplomatik sözlər arxasında gizlənməməliyik. Ona görə biz ümid edirik ki, bu məsələyə aydınlıq gətiriləcək...”.Bir neçə gün əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Bakıya səfər etmişdi və səfərlə bağlı keçirilən mətbuat konfransında o, Dağlıq Qarabağ, status və hərbi əsir ifadələrini işlətmədi. Dövlətimizin başçısı bu məqama xüsusi diqqət yetirdi və yüksək səviyyəli qonağın bu cür yanaşmasını, leksikon dəqiqliyini dövlət xadiminə xas olan addım kimi dəyərləndirdi. Lakin gəlin, ədalət naminə bu həqiqəti də qeyd edək ki, Prezident İlham Əliyevin buna qədər verdiyi bəyanatlarda ortaya qoyduğu siyasi iradə və beynəlxalq hüquqa söykənən mövqe ardıcıllığı ilə hesablaşmamaq, məhz onun müəllifliyi ilə Cənubi Qafqazda yaranmış yeni geosiyasi və geoiqtisadi reallığı leksikonda, xüsusən üzbəüzkən, nəzərə almamaq mümkünsüz görünür. Prezidentinxalqımızın iradəsinə,tarixi ədalətə və dünya qanunlarına əsaslanan qətiyyətli mövqeyi beynəlxalq leksikondan erməni xülyasına xidmət edən ifadələrin çıxmasına zəmin yaratdığı kimi, həmin leksikona yeni məfhumların daxil edilməsini də şərtləndirib. Bunlar Şərqi Zəngəzur və Zəngəzur dəhlizi ifadələridir. Prezident İlham Əliyevin Ermənistana və ona havadarlıq edənlərə göndərdiyi növbəti mesaj da həm tarixi ədalətə, həm də regiondakı yeni reallığa söykənir:
"Biz siyasi leksikona "Zəngəzur dəhlizi” sözünü daxil etmişik. Nəinki regionun, dünyanın aparıcı kütləvi informasiya vasitələri Zəngəzur dəhlizi haqqında danışırlar, yazırlar. Nə üçün? Biz bunu daxil etmişik, müntəzəm səylərlə, artıq bu reallıqdır”. Ermənistanda dağıdılmış miflərinin qalıqları altında yaşamaqda davam edən, məğlubiyyətdən sonrakı ictimai psixozun təsiri altından hələ də çıxa bilməyən və kimlərinsə oyununda məsuliyyətsiz alətə çevrilən erməni siyasətçilərinə, Ermənistan cəmiyyətinə Prezidentimiz növbəti dəfə bu mesajı da verdi: "Olmasa, başqa yerdə beş dənə Dağlıq Qarabağ yaratsınlar, mən etiraz etmirəm. Mən onu tanıyacağam. Amma Azərbaycanda yox”.
Bu müsahibə də Prezidentin yüksək diplomatik dil üslubu, qətiyyətli mövqeyi, bir də başa düşməyənləri başa salmaq üçün bəzən istifadə etdiyisarkazm ilə yadda qaldı.Ermənistan hakimiyyəti və xaricdəki hamiləri bu sarkazmı da başa düşməsələr, şübhə etmirəm ki, Prezident İlham Əliyevin növbəti açıqlaması üzərində xeyli düşünəcəklər: "Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə, deyə bilmərəm hələ ki böyük dərəcədə, amma müəyyən dərəcədə biz formalaşdırırıq və bu, həqiqətdir...Və getdikcə bizim imkanlarımız daha da genişlənəcək”. Prezidentin bu açıqlaması yeni reallığın xəbərçisidir.Çünki, ötən il 44 gün ərzində Ermənistan əyani şəkildə gördü ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Bu illər ərzində dünya da çox dəyişib, ən başlıcası, Azərbaycan iqtisadi-siyasi müstəqilliyini, beynəlxalq hüquqa sadiqliyini və etibarlı tərəfdaş nümunəsini ortaya qoymaqla dünyada özünə olan münasibəti dəyişdirə bilib. Bədnam qonşumuzdan fərqli olaraq, ölkəmiz beynəlxalq münasibətlərin bərabərhüquqlu subyektinə çevrilib. Ermənistan hakimiyyəti artıq nə özünü, nə də erməni cəmiyyətini aldatmamalıdır. 27 il ərzində BMT qətnamələrini hörmətdən salmasına kimlərinsə göz yumması, qondarma "erməni soyqırımının” tanınması və ya kimlərinsə pərdəarxasından ona dirijorluq etməsi,yaxud qulağına nələrisə pıçıldaması Ermənistanı yeni avantüralara şirnikləndirə bilər, amma bütün bunlar mövcud reallığı dəyişdirmək gücündə deyil. Azərbaycan 28 ildən sonra Ermənistana hansı acıları yaşatdısa, növbəti avantürasının cavabı daha ağır, bu dəfə məğlubiyyət deyil, artıq faciə olacaq. Buna yol verməmək üçün, Ermənistan hakimiyyəti Prezident İlham Əliyevin bu açıqlamasını dönə-dönə təhlil edib mövcud reallıqla hesablaşmalıdır: "Diplomatik müstəvidə, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, qonşu ölkələr-Türkiyə, İran, Gürcüstan, müsəlman aləmi, Qoşulmama Hərəkatı-bütün bu təmaslar müsbət məcrada inkişaf edir...Bu məsələ ilə bağlı, baxın, bizim gündəliyimiz Avropa İttifaqının gündəliyi ilə, Türkiyənin, Rusiyanın gündəliyi ilə vəhdət təşkil edir...Biz yeni reallıq yaratmışıq, təkcə Qarabağ zonasında yox”. Yeri gəlmişkən, Qoşulmama Hərəkatı İslam dünyasını təmsil etmir, təşkilatda 120-dən çox dövlət birləşib. Bu mötəbər beynəlxalq quruma üzv dövlətlər ölkəmizin etibarlı tərəfdaş olduğuna, Prezident İlham Əliyevin sözü ilə əməlinin hər zaman üst-üstə düşdüyünə inandıqlarına görə, Azərbaycanın təşkilata sədrlik müddəti əlavə bir il də, 2023-cü ilədək uzadılıb.
Bütün bunlara rəğmən, Ermənistanın ənənəvi çığallığını və təxribatçı mahiyyətini nəzərə alıb, böyük dövlət xadimi Uinston Çörçillin müdrik kəlamlarından birini erməni siyasətçilərinin yadına salmaq istəyirəm: "Siyasət də müharibə kimi həyəcanlı və təhlükəlidir. Müharibədə bizi bir, siyasətdə isə dəfələrlə öldürə bilərlər”. Müharibənin nəticəsi, beynəlxalq leksikonun yeni gündəliyi və qalib Azərbaycanın dövlət başçısının birmənalı mövqeyi açıq-aydın ortadadır. Bu mövqe Ermənistana havadarlıq edənlər üçün də sirr deyil. Böyük siyasət adamının təbirincə desək, bir dəfə müharibədə öldükdən, məğlub olduqdan sonra, Ermənistan siyasətdə dəfələrlə ölmək yolunu seçirsə, bu, ağılsız və çox təhlükəli seçimdir. Onminlik fərarilər ordusu olan Ermənistanın 8-9 milyard həcmindəki xarici dövlət borcu qarşılığında cəmi 1 milyard valyuta ehtiyatı var, o da mərkəzi bankına aiddir. Ermənistan sərsəm xülyalar girdabında yaşamağa davam etməklə, qalib Azərbaycanın açıq-aşkar olan hərbi, iqtisadi və siyasi üstünlüyünü gözə almamaqla, dinc birgəyaşayışdan imtina etməklə, bir sözlə, ağılsız yollar seçiməklə U.Çörçillin başqa bir kəlamını da yada salır: "Axmaq insan öz fikrini heç vaxt dəyişməyən şəxsdir”. Belə davam edərsə, Ser U.Çörçillin nə qədər haqlı olduğunun növbəti nümunəsini Ermənistanın timsalında dünya mütləq görəcək, özü də tezliklə...
Ülvi Quliyev
Milli Məclisin deputatı






