Orxan Əkbərov Kendall Cennerə qarşı - Emporium Baku posterləri dəyişir
Xəbər verdiyimiz kimi Bakıda məhşur brendlərin mallarının satışını həyata keçirən "Emporium" mağazasının vitrinində hər zaman ermənilərə dəstək olan, onlara maddi yardımlar edən Kim Kardaşyanın bacısı, model Kendall Cennerin posterləri reklam olunub.
Sfera.az-ın məlumatına görə, Orxan Əkbərov adlı şəxsin bu haqda məlumatı öz "Facebook” səhifəsində paylaşıb məsələni ictimailəşdirməsindən sonra şirkət bu barədə açıqlama verməli olub.
Açıqlamada qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyən şəxslərin heç bir təsviri mağazada və ya sosial şəbəkə hesablarında yer ala bilməz:
"Qeyd etmək istərdik ki, Kendall Cenner Kim Kardaşyanın anabir, ata ayrı bacısıdır və erməni millətinə aid deyil. Lakin Kendall Cenner Kim Kardaşyanın paylaşımını öz səhifəsində bölüşdüyünə görə, La Perla brendinin guşəsindəki poster dəyişdiriləcək. Yeni poster artıq sifariş olunub”.
Xatırladaq ki, Kendall Cenner İkinci Qarabağ müharibəsi zamanı özünün 171 milyonluq "Instagram" səhifəsindən bacısı Kim Kardaşyana "Artsax” fonduna vəsait yığılması üçün dəstək istəmişdi.



Türkan
Sfera.az






