Azərbaycanda əcnəbi tələbələrin sayı sürətlə artır
Son rəsmi məlumatlara əsasən, Azərbaycanın ali təhsil müəssisələrində 5 256 nəfər xarici ölkələrdən olan tələbə təhsil alır.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, son bir ildə xarici tələbələrin sayı 568 nəfər, son 4 ildə 1 886 nəfər artıb.
Məlumatların təhlili göstərir ki, son illərdə əcənəbi tələbələrin sayında artım var. 2008-2009-cu ildən 2016-2017-ci təhsil ilinə kimi əcnəbi tələbələrin sayında azalma müşahidə edilirdi. Həmin dövrdə əcnəbi tələbələrin sayı 5 585 nəfərdən 3 370 nəfərə qədər azalmışdı. Amma son 4 il ərzində əcnəbi tələbələrin sayı yenidən artır.
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin çoxu Türkiyə, İran, Gürcüstan və Rusiya vətəndaşlarıdır. Bütün əcnəbi tələbələrin 4 373-ü, yəni 83,2 faizi bu ölkələrin payına düşür.
Statistika göstərir ki, Türkiyə, Rusiya və Gürcüstandan olan tələbələrin sayı artdığı halda, Rusiyadan olan tələbələrin sayı azalır.
Türkiyədən olan tələbələrin sayı 2 270 nəfərdir. 2017-ci ildən indiyə qədər türk tələbələrin sayı 739 nəfər artıb. Amma 2008-2009-cu ildəki təhsil dövrü ilə müqayisədə türk tələbələrinin sayı 1 189 nəfər azalıb.
İrandan 1 191 tələbə təhsil alır və əvvəlki illərlə müqayisədə iranlı tələbələrin sayı maksimum səviyyə çatıb. İranlı tələbələrin sayı 2015-2016-cı təhsil ilindən bəri 940 nəfər artıb.
Gürcüstandan olan tələbələrin sayında kiçik fərqlə də olsa davamlı artım var. Ötən il Azərbaycanda 487 gürcüstanlı tələbə təhsil alıb.
Rusiyadan olan tələbələrin sayı 425-dir və son illərdə rusiyalı tələbələrin sayı azalır. 2017-2018-ci təhsil ili ilə müqayisədə rusiyalı tələbələrin sayı 124 nəfər azalıb.
Qeyd edək ki, Azərbaycanda 52 ali təhsil müəssisəsi var və bu müəssisələrdə 198,7 min tələbə təhsil alır. Tələbələrin 2,64 faizi əcnəbidir.
Vasif
Sfera.az






