İqtisadiyyat və Sənaye Nazirliyi unun satış qiymətini açıqladı...
Cəmiyyət
21:11 / 14.01.2016
954
Moderator.az ötən həftə bir sıra rayonlarda unun qiymətinin süni şəkildə artırılmasıyla bağlı məlumat yaymışdı. Xəbərdə qeyd olunurdu ki, bu qiymət artımı əhali arasında narazılığa səbəb olub.
Sayt hələ ötən həftə regionlarda yaşana biləcək olaylar haqda oxuculara məlumat verməklə bərabər həyəcan təbili çalmışdı ki, hökumət təxirəsalınmaz önləyici tədbirlər görməlidir...
Maraqlıdır, görəsən rayonlarda unun topdan və pərakəndə satış qiymətinə nəzarət edilirmi?
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Moderator.az - a açıqlamasında hazırda rayonlarda 50 kiloqramlıq unun 26 - 28 manata satıldığını bildirdi:
“Nazirliyimiz Baş Prokurorluqla birgə nəzarət tədbirlərini davam etdirməkdədir. Manatın məzənnəsinin dəyişməsindən sonra bu yöndə tədbirlərimizi daha intensiv formada davam etdiririk. Sui - istifadə halları olarsa bununla bağlı qanunu tədbirlər görüləcək. Bildiyiniz kimi yumurta satışı və dərman bazarında qanunsuzluğa yol vermiş şəxslərlə bağlı artıq tədbirlər görülüb. İqtisadiyyat və Sənayə Nazirliyi ilə Baş Prokurorluğun apardığı araşdırmadan sonra “Muğan” və “Səma” çörək istehsal müəssisələrində çörəyin çəkisinin azalması müşahidə olunmuşdu. Nəticədə hər iki qurumun rəhbərliyinə ciddi xəbərdarlıq olundu. Bir daha təkrar edirəm ki, istehlak bazarının bütün sahələrinə ciddi formada nəzarət həyata keçirilir.”