Alimentlə bağlı problem necə həl edilməlidir? - Hüquqşünas fikri
Alimnetle bağlı problemlərə demək olar hər gün həm mətbuatda, həm də ictimai həyatımızda rast gəlirik.
Həl olunmaz problemlər içərisində aliment ilk sırada gəlir. Ümumiyyətlə bu mövzu necə həl edilməlidir? Qanun bununla bağlı nə deyir?
Qaynar.info bu suallarla hüquqşünas Sunay Ramazanovayamüraciət edib.
Sunay Ramazanovanın sözlərinə görə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələri vardır: "Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafeyinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Ailə Məcəlləsinə görə valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə aliment ödənilməsi üçün saziş bağlamaq hüququna malikdirlər.
Aliment ödənilməsi barədə valideynlər arasında razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aliment tutulur. Alimentin məbləğini isə qanunvericilik bu cür müəyyən edir: Bir uşağa görə qazancın və ya valideynlərin başqa gəlirlərinin dördə biri, 2 uşağa görə üçdən biri, 3 və daha çox uşağa görə qazancın yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən ailə və maddi vəziyyət, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Əgər valideynlər arasında aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, məhkəmə uşaqların saxlanması üçün sabit pul məbləği də müəyyən edə bilər."
Hüquqşünas onu da bildirir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir: "Həmçinin, əmək qabiliyyətini itirmiş qadınlara da aliment ödənilməlidir. Əgər məhkəmə boşanan şəxsə qarşı qətnamə çıxarırsa və icra vərəqəsi verirsə, qətnamə icra edilməlidir. Aliment məhkəmə qərarından 5 gün sonra ödənilməli, atanın iş yerinə xəbər verilməlidir. Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, borclu olan tərəf alimenti ödəmədən ölkəni tərk edə bilməz. Aliment ödəməkdən yayınan şəxs Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə (Məhkəmə qərarını icra etməkdən boyun qaçırma) məsuliyyətə cəlb edilə bilər."






