Pediatrdan övladlarını \"çöpçü\"lərə aparan valideynlərə xəbərdarlıq

14:23 / 26.05.2021
1376
"Uşaqlara zamanında qoyulan diaqnoz və edilən müdaxilələr həyatqurtarıcı olur”.
Bunu Sfera.az-a açıqlamasında pediatr Günay Rəsulova deyib. Mütəxəssis xüsusilə "çöpçü"lərə aparılan azyaşlılardan söz açıb və bunun yanlış olduğunu bildirib:
"Ümumiyyətlə, 5 yaşa qədər uşaqlara semiçka, balqabaq tumu, tumlu giləmeyvələr, qoz, fındıq, badam,düymə, qəpiklər, göz muncuğu, sovurma bərk konfetlər qətiyyən vermək olmaz. Meyvələri tumsuz, qabığını soyaraq, çərəzləri üyüdüb yeməklərinə qataraq yedirmək lazımdır.
Əlbəttə ki, yad cisim şübhəsi olan uşaqları çöpçüyə yox, həkimə aparmalıyıq. Çünki, bu vəziyyətdə olan uşağa çöpçü üfürsə, yad cismi əksinə nəfəs yollarının dərinliyinə qədər göndərmiş olacaq və bu da uşaq üçün çox təhlükəli ola bilər. Dəfələrlə çöpçüdən bu ağırlaşmalarla gələn uşaqlar gördüyümüz üçün bu mövzuda hər zaman ürək ağrısı ilə israrcı davranırıq”.
Pediatr bildirib ki, "çöpçülər”lə bağlı məsələ dəfələrlə müzakirə edilsə də, hamı öz bildiyini edir:
"”Qonşumun gəlininin uşağında çöp qalmışdı, həkim sağaltmadı, çöpçü sağaltdı” kimi hekayələri çox dinləmişik. Müayinəyə gələn uşaqların çoxu da çöpçüyə gedib, lakin düzəlməyib. Yəni bu cür hallar da olur. Uşaqlarda bu şəkildə yad cisim qala bilər - burunda, qulaqda, boğazda, qida borusunda, nəfəs yolunda və.s. Amma onu çöpçüyə yox, həkimə aparmalısınız.
Bir gündə 5 çöpçüyə getsəniz, əlinizə bir ovuc zibil çıxarıb qoyacaq. Bir az düzgün analiz etməyə çalışaq. Xüsusilə koronavirus pandemiyası vaxtı uşaqları çöpçüyə aparıb bu virusun yayılmasına şərait yaradılması absurd və dəhşətdir”.
Günay Rəsulqızı
Sfera.az