Bakıda fəhlənin ölməsi faktı ilə bağlı cinayət işi başlanıldı
Səbail rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, "Kristal Abşeron" MTK-nın Səbail rayonu, Q.Abbasov küçəsi 32/34 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı qaldırıcı qurğunun yerə düşməsi nəticəsində 1984-cü il təvəllüdlü Nəriman Salahov vəfat edib, 1987-ci il təvəllüdlü Aruz Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.






