“Xidmətlər ASANlaşırsa, bəzi nazirliklər ləğv edilməlidir”
"Ölkədə xidmətlərin ASANlaşması müsbət haldır və heç bir narazılığım yoxdur. Lakin bununla bərabər, xidmətlərin ASAN xidmətə verilməsi həm də dövlət qurumlarının yarıtmazlığının bariz isbatıdır. Buna görə də bir çox xidmətlərin ASANlaşması vacibdir və ümid edək ki, belə də olacaq. Bəs o zaman, 20-yə qədər nazirliyin, ona qədər komitənin, bir neçə dövlət agentliyinin, onlarla digər dövlət müəssisələrinin saxlanılmasına nə ehtiyac var?”
"Qafqazinfo" xəbər verir ki, bu sözləri yeni Azərbaycan Xalq Cəbhəsi Partiytasının (AXCP) sədri Razi Nurullayev deyib. Xidmətlərin ASANlaşdırılmasına münasibət bildirən partiya sədr qeyd edib ki, onlarla dövlət idarələrində minlərlə məmur kütləsi, yüzlərlə müdir və rəhbərlər oturur, büdcəni sümürür:
"Prezident islahat anonsu verib, bir neçə addım atıb, amma işlər çox ləng gedir. Məmur kütləsinin yarıbayarı azaldılması gərəkdir. Zamanı ilə bir sıra nazirliklər şəxslərə görə yaradılıb. İndi onların ləğvinin vaxtı deyilmi? Konkret və qəti addımlar atmağın zamanıdır. İslahatlar ləng getdikcə və onlarla korrupsioner yerində qaldıqca əhalinin sosial rifah halı düzəlməyəcək. İslahatlar yeni kadrların işə cəlb edilməsi ilə möhkəmləndirilərsə, nəticə olacaq. Yoxsa, rayonlarda, şəhərlərdə sənaye kvartalları, zonaları qurmaqla iş bitməz. Kadrlar ora sərmayə və texnologiya cəlb etməlidir. Kim edəcək bunu? İcra başçıları? Hansı ki, torpaq satmaq, onun-bunun qurduğu işə şərik olmaq və qurulan işlərdən xərac yığmaq işini bacarırlar. Ölkə ASANlaşsın. Amma, yarıtmaz qurumlar da ləğv edilsin. Yüzminlərlə məmur zəli kimi büdcəni sorur və talayır. Nəticə görmək istəyirik, nəticə yoxsa islahatlar da gözdən pərdə asmaq üçündür”.
Türkiyə ilə viza rejiminin aradan qaldırılmasının vacibliyini də vurğulayan sədr bildirib ki, hətta, İranla belə vizaya ehtiyac yoxdur:
"Kim sənə narahatlıq yaradırsa, başqa işlərlə məşğul olursa, beş illik qadağa qoy və məsələ bitsin. Turizmin inkişafını istəyiriksə, daha çox ölkələrlə vizasız rejimə keçmək zərurətdir. Hər şeyi siyasətə bağlayıb, iqtisadiyyatı məhv etmək olmaz”.






