Hansı dövlət qurumları sosial mediada daha aktivdir ?
"Son zamanlar bir sıra dövlət qurumları sosial mediada xeyli aktivləşib. Bir çox dövlət qurumlarında dəqiq qrafik üzrə qurumun birinci şəxsi və ya rəhbər şəxslər səviyyəsində canlı yayımlar, video qəbullar və sual-cavablar təşkil olunur".
Sfera.az-ın məlumatına görə, bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, hətta ictimai rəydə tez-tez tənqid olunan qurumların sosial mediaya inteqrasiyadan sonra reputasiyasında müsbət istiqamətdə irəliləyiş hiss olunur:
"Yəni, bir çox dövlət qurumları vətəndaşlarla daha çevik və effektiv informasiya münasibətləri qurmaqla bərabər, həm də nüfuza xələl gətirə biləcək risklərin və böhranlı vəziyyətin qarşısını zamanında almaq üçün sosial mediadan çox effektiv istifadə edirlər”.
O.Gündüz son zamanlarda sosial mediada daha aktiv olan dövlət qurumlarının adını da açıqlayıb:
"Birincisi, "Azəriqaz” İstehsalat Birliyi (Qurumun baş direktoru Ruslan Əliyev son bir ayda demək olar ki, "Facebook”da yatıb-durur). İkincisi, Baş Prokurorluq (Nəinki Baş Prokurorluq, hətta bir sıra rayon prokurorluqları da son zamanlar sosial mediada aktivdir). Daha sonrakı sıraları Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti tutur”.
Günay
Sfera.az






