5 kvadrat metrə sığan həyatlar... - Əhalinin həyat şəraiti ilə bağlı keçirilən sorğuda üzə çıxanlar
Sfera.az DSK-ya istinadən xəbər verir ki, sorğu ölkənin bütün iqtisadi rayonlarını əhatə etməklə təsadüfi qaydada seçilmiş 10200 ev təsərrüfatı arasında keçirilib.
DSK bildirir ki, belə bir sorğu Avropa İttifaqı ölkələrində davamlı aparılır. Sorğunun keçirilməsi əhalinin həyat keyfiyyətini səciyyələndirən məlumatların əldə olunmasına imkan verir. Azərbaycan sorğu anketlərinin işlənib hazırlanması zamanı da Avropa İttifaqının Statistika Bürosunun tövsiyələrindən istifadə edilmişdir.
Sorğu maraqlı nəticələr üzə çıxarıb. Məlum olub ki, ev təsərrüfatlarının 1 faizinin pulun çatışmazlığına görə günaşırı ət, toyuq, balıq və yaxud onların vegetarian ekvivalentində (lobya, mərcimək, noxud) ərzaq məhsullarından hazırlanan yeməklərlə qidalanmaq imkanı yoxdur. Əhalinin 4,5 faizi gözlənilməyən halda yaşayış minimumu (2020-ci ildə 190 manat olub) qədərində xərci şəxsi büdcəsindən ödəyə bilməyib.
Sorğunun nəticələrinə əsasən pulun çatışmazlığına görə ev təsərrüfatlarının 2,3 faizinin zəruri halda yaşadığı evi təcili cari təmir etmək (sanitar qovşağında avadanlığın yenilənməsi, dam örtüyünün, elektrik xəttinin, pəncərənin sınmış şüşələrinin dəyişdirilməsi və s.) imkanı olmur, ev təsərrüfatlarının 1,9 faizi həkim tərəfindən təyin edilən dərmanları, tibbi ləvazimatları satın ala bilmir, 2,4 faiz ev təsərrüfatının özəl tibb müəssisələrində baha olmayan materiallardan istifadə edilməklə stomatoloji xidmətlərin və ya ucuz protez düzəltmə xidmətinin dəyərini ödəmək imkanı yoxdur, ev təsərrüfatlarının 4,1 faizinin ildə azı bir həftə evdən kənarda dincəlmək (qohum və dostların evinə getmək daxil olmaqla) imkanı yoxdur, 0,8 faiz ev təsərrüfatı baha olmayan məişət xidmətlərinin haqqını ödəmək (bərbərxana, kimyəvi təmizləmə, paltar, ayaqqabı, məişət texnikasının təmiri və s.) gücündə deyil.
Sorğu nəticəsində məlum olur ki, ev təsərrüfatlarının 3,5 faizinin yaşayış sahəsi adambaşına 5 kvadrat metrdən azdır. Evinin damından su sızan, rütubət və nəm olan, divarlarında, döşəməsində, bünövrəsində, pəncərə şüşəsində çatlar olan ev təsərrüfatları ümumi təsərrüfatların 3,7 faizini, evinin otaqları gündüz vaxtı qaranlıq olan, gün işığı az düşən ev təsərrüfatları ümumi təsərrüfatların 3 faizini, evində vanna və ya duş olmayanlar ev təsərrüfatlarının 2,1 faizini təşkil edir. Evində su ilə təmin olunmuş tualeti olmayan ev təsərrüfatlarının xüsusi çəkisi isə 5,6 faizdir.
Vasif
Sfera.az






