Logo

Əhalinin mənzil təminatının keyfiyyətini niyə ölçmək olmur?

Əhalinin mənzil təminatının keyfiyyətini niyə ölçmək olmur?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda əhalinin mənzil təminatının keyfiyyətini ölçmək olmur. Buna səbəb mənzil təminatı ilə bağlı bəzi məlumatların açıqlanmamasıdır.

Sfera.az iqtisadçı-ekspert Rövşən Ağayevə istinadən bildirir ki, mənzil təminatının keyfiyyətini ölçmək bilavasitə statistika orqanlarının özündən peşəkar və genişmiqyaslı fəaliyyət tələb edir. "Nəzərə almaq lazımdır ki, mənzil təminatı istənilən ölkədə sosial şəraiti qiymətləndirmək üçün əsas göstəricilərdən biridir”,- deyən ekspert qeyd edib ki, bu baxımdan Avropa Birliyi (AB) ölkələrində mənzil şəraitinin keyfiyyətcə qiymətləndirilməsi üçün istifadə olunan indikatorların öyrənilməsi çox önəmlidir.

Azərbaycanın rəsmi statistikasına əsasən araşdırma aparan R.Ağayev müəyyən edib ki, ölkəmizdə mənzillərin otaq sayı açıqlansa da otaq sayı üzrə əhalinin sayı açıqlamadığından keyfiyyət göstəricilərini dəqiqləşdirmək mümkün olmur: "Rəsmi statisitkaya görə, hazırda Azərbaycanda 2 milyon 147 min mənzil mövcuddur. Bu mənzillərin 3,6%-i 1 otaqlı, 25%-i 2 otaqlı, 40,6%-i 3 otaqlı, təxminən 30%-i 4 və daha çox otaqdan ibarət olub. Lakin mövcud statistika otaq sayı üzrə əhalinin sayını açıqlamadığı üçün mənzil sıxlığının real vəziyyətini görmək mümkün olmur. Yalnız 1 göstərici açıqlanır ki, həmin məlumat əsasında Azərbaycanda mənzil sıxlığının kifayət qədər yüksək olması barədə müəyyən fikir yürütmək mümkündür. Belə ki, ölkə üzrə bütün ev təsərrüfatlarının 26.4%-i üzrə adambaşına yaşayış sahəsinin həcmi 10 kv.m və daha az, 46.2%-i üzrə adambaşına mənzil sahəsi isə 10.1-20 kv.m intervalında dəyişir. Göründüyü kimi, hər 4 ev təsərrüfatından 3-ü üzrə adambaşına mənzil sahəsi 20 kv.m-dən azdır”.

R.Ağayev söyləyib ki, əhalinin mənzillə keyfiyyətli təminat səviyyəsini ölçmək üçün mühüm göstəricilərdən biri də yüksək mənzil məhrumiyyəti əmsalıdır. Bu əmsal mənzillərdə yaşayan əhalinin sayının bütün əhaliyə nisbəti kimi hesablanır: "Azərbaycanda ev təsərrüfatlarının büdcə müayinəsi qeyd olunan göstərici əsasında da əhalinin mənzil təminatını keyfiyyətcə qiymətləndirməyə imkan vermir. Ev təsərrüfatlarının abadlıq şəraiti və təchizatı adlı məlumat əsasən kommunal (su, kanalizasiya, istilik) və rabitə (telefon) xidmətlərilə təminat səviyyəsi qiymətləndirilir. Bu qiymətləndirmə isə təkmil və obyektiv göstəricilərə əsaslanmır. Məsələn, reallıqda ev təsərrüfatlarının kanalizasiya və su ilə təminatı qiymətləndirilən zaman ev təsərrüfatlarının mərkəzləşdirilmiş sistemlərə qoşulub-qoşulmaması əsasında dəyərləndirmə aparılmalıdır. Lakin Azərbaycan rəsmi statistika orqanı öz həyətində quyu qazaraq kanalizasiya sularını axıdan, yaxud keyfiyyəti yoxlanılmadan öz həyətində quyu qazıb məişət ehtiyacları üçün sudan istifadə edən mənzilləri də müvafiq xidmətlərlə təmin edilmiş sayır. Bunun nəticəsidir ki, rəsmi hesabata görə, Azərbaycanda bütün ev təsərrüfatlarının 98,4%-nin kanalizasiya, 90%-ə qədərinin isə su təchizatı ilə əhatə edildiyi göstərilir. Halbuki ən azından kənd yaşayış məntəqələri mərkəzləşdirilmiş kanalizasiya xidmətləri ilə, ümumiyyətlə, əhatə edilmir. Mərkəzləşdirilmiş su təminatı isə əsasən Abşeron yarımadasını əhatə edir. Məsələn, hazırda ölkə üzrə 1 milyon 530 minmərkəzləşdirilmiş içməli su abonentlərinin 1 milyon 051 mini və ya 68,7%-i Bakı, Sumqayıt və Abşeronun payına düşür. Aydındır ki, yerdə qalan 479 min abonentin əsas hissəsi də ölkənin yerdə qalan iri şəhərlərinə (Gəncə, Mingəçevir, Şirvan) və rayon mərkəzi olan 60-a yaxın şəhərə aiddir. Halbuki rəsmi statistikaya görə, ölkə üzrə bütün mənzillərin 40%-i (859 min mənzil) məhz kəndlərdə yerləşir”.

R.Ağayev əlavə edib ki, Azərbaycanda nə mənzil sıxlığını, nə də mənzillərin yaşayışa yararlılığını qiymətləndirməyə imkan verəcək heç bir statistik göstərici mövcud deyil.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR