Azərbaycanda həyat sığortasına maraq artıb – SƏBƏB
Son illər Azərbaycanda həyat sığortasına maraq əhəmiyyətli dərəcədə artıb. Belə ki, keçən il 750 milyon manatadək sığorta haqqı yığılıb. Onun da 450 milyon manatdan çoxu məhz həyatın sığortalanmasına yönələn sığorta haqlarıdır. Bu da ümumi sığorta məbləğinin 60 faizi deməkdir.
Görəsən, hansı amillər əhali arasında həyat sığortasına marağın artmasına səbəb olub?
Məsələ ilə bağlı Sfera.az-a danışan sığorta eksperti İlkin İbrahimov bildirdi ki, həyat sığortası ilə məşğul olan şirkətlərin fəaliyyətinin daha şəffaf olması insanları həmin sığorta növündən daha çox faydalanmağa həvəsləndirib:
"Eyni zamanda, sığorta ödənişlərinin də əhəmiyyətli hissəsi bu sığorta növü ilə məşğul olan şirkətlər tərəfindən ödənilir. Belə vəziyyətin yaranması bir sıra obyektiv səbəblərdən qaynaqlanır. Əsas obyektiv səbəb odur ki, həyatın sığortalanmasını həyata keçirən şirkətlər daha şəffaf işləyir. Əksər sığorta məhsulları müqavilə müddətinin sonunda sığorta hadisəsi baş vermədikdə sahibinə geri qaytarılır. Bu isə vətəndaşlar üçün xüsusi stimullaşdırıcı addımdır. Məsələn, ölüm halı və ya əlilliklə bağlı sığorta hadisəsi baş versə, kompensasiya verilir. Yaxud da sığorta hadisəsi baş vermədikdə də, müddətin sonunda yığılan sığorta haqqı vətəndaşa qaytarılır”.
Həmsöhbətimiz qeyd etdi ki, imkanlı vətəndaşların əksəriyyəti daha çox məhz həyat sığorta növlərinə meyl edir:
"Ona görə ki, bu onlar üçün stimuldur. 3-5 ildən sonra onlar kapital olaraq həmin məbləği geri götürməklə öz şəxsi məqsədləri üçün istifadə edirlər.
İş yerində müqavilə müddətində ölümlə nəticələnən bədbəxt hadisə baş verdikdə, həyat sığortası ilə məşğul olan şirkətlər böyük məbləğdə kompensasiya verir. Bu məbləğ əmək haqqı və risk dərəcəsindən asılı olaraq 20-30 min, hətta 100-150 min manata qədər ola bilər”.
Elçin
Sfera.az






