Azərbaycanda "işgüzar enerji" köçü yaşanır?
Son 25 ildə Azərbaycandan təhsilli şəxslərin köçünün az olmadığını müşahidə etmək olar.
Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib. O bildirib ki, ölkədə yaradıcı adamlar üçün yaşama mühiti olmayanda "beyin köçü", "işgüzar enerji" köçü başlayır:
"Bir də baxıb görürsən ki, ölkədə ictimai rəyi cəhalət işğal edib. Heç bir sahədə işləməyə peşəkar kadr tapa bilmirsən. "Yaşama mühiti" təkcə yüksək maddi təminat deyil. İnsanın özünün və övladlarının mənəvi-mədəni inkişafı üçün şərtlər olmalıdır. Şəxsi və mülkiyyət üçün təhlükəsizlik, qanunun aliliyi ən üst səviyyədə təmin edilməlidir. Həmçinin yaradıcı adamları hər addımda cəhalət adlı linç maşınının ağzına atan ictimai-siyasi mühit olmamalı, yaradıcılıq, siyasi və ifadə azadlığı ən yüksək səviyyədə təmin edilməli, ölkənin resurslarından yalnız kiçik bir imtiyazlı qrupun bəhrələnmək imkanı olmamalıdır”.
Ekspert digər ölkələrin bu istiqamətdə statistikasından da söz açıb:
"Polşanın nüfuzlu iqtisadçı alimi, 5 ilə yaxın ölkənin maliyyə naziri vəzifəsini tutmuş Qjeqoj Kolodkonun "Dünya hərəkətdə" kitabında intellektual miqrasiyanın 3-cü dünya ölkələri üçün nə qədər faciəvi miqyas aldığı barədə statistikanı görəndə problemin kəskinliyini daha dərindən hiss elədim.
Ali təhsilli şəxslərin Yamaykada 81%-i, Haitidə 79%-i, Anqolada 57%-i, Tanzaniyada 41%-i ölkədən baş götürüb qaçıb. Böyük Britaniya təkcə 1 il ərzində Afrika qitəsindən emiqrasiya etmiş 10 min nəfərdən çox həkim personalına iş vizası açıb. Əslində normal statistika olsa, son 25 ildə Azərbaycandan da təhsillilərin köçünün miqyasının kiçik olmadığını görmək olar”.
Türkan
Sfera.az






