"Respublika” qəzetinin baş redaktoru vəfat edib
Dünən axşam saatlarında "Respublika" qəzetinin baş redaktoru, professor Teymur Əhmədov 91 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, Teymur Əhmədov 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olub. 1936-cı ildə ailəlikcə valideynlərinin vaxtilə deportasiya olunduğu İrəvana köçüb. 1949-cu ildə Qərbi Azərbaycanın Zəngibasar (indiki Masis rayonu) rayonunda orta məktəbi qızıl medalla bitirib.
Təhsilini Bakı Dövlət Universitetinin filologiya fakültəsində davam etdirib. 1954-1958-ci illərdə Ermənistan KP MK-nın orqanı "Sovet Ermənistanı" qəzetində müxtəlif vəzifələrdə çalışıb.
1990-1991-ci illərdə "Vətən həsrəti", 1992-1993-cü illərdə "Hikmət", "Yeni fikir" qəzetlərinin baş redaktoru kimi fəaliyyət göstərib. 1995-ci ildən isə "Respublika" qəzetinin baş redaktoru olub. 10-a yaxın kitabın müəllifidir.
Müxtəlif mükafatlar alan Teymur Əhmədov jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 2020-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə "Şöhrət” ordeni ilə təltif olunub.
Sfera.az olaraq yaxınlarına dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik.Allah rəhmət eləsin.






