"Beşmərtəbəli evin altıncı mərtəbəsi"nin müəllifi - 83 yaş
Sfera.az xəbər verir ki, bu gün Xalq yazıçısının doğum günüdür. Yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında yeni bir səhifə açan Anar iki məşhur yazıçı - Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib. Yazıçı olmaqla yanaşı, Anar həm də ictimai xadimdir. O, 1995-2000-ci illərdə Milli Məclisin üzvü olub. Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir və 1998-ci il martın 14-də yazıçı ölkənin ən yüksək dövlət mükafatı olan "İstiqlal” ordeni ilə təltif olunub.
Anar Azərbaycan ədəbiyyatının bir mərhələsidir. Bu mərhələ öz doğruları və yanlışları ilə artıq tarixə çevrilib. Təkcə sevənləri, oxuyucuları belə düşünmür, həmkarları, ictimai xadimlər də eyni düşüncədədir.
"Repressiya qurbanı olmuş Xudadat bəy Rəfibəylinin qızı Nigar xanım Rəfibəyli böyük bir yol keçib, Azərbaycan mədəniyyətinin inkişaf etməsi uğrunda çalışıb. O, öz həyat yoldaşı – Azərbaycanın böyük şairi Rəsul Rza ilə birlikdə Azərbaycan ədəbiyyatının yüksəlməsində xüsusi rol oynayıb və məmnunam ki, onların övladı, Azərbaycanın böyük yazıçısı, Yazıçılar Birliyinin sədri hörmətli Anar da əcdadlarının, anasının, atasının işini davam etdirir və Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına öz xidmətlərini göstərir. Görürsünüz, Gəncə nə qədər böyük insanlar yetişdirir. Bir ailədə üç Xalq yazıçısı – Rəsul Rza, Nigar Rəfibəyli, Anar”. Bu fikirlər Ulu Öndər Heydər Əliyevə məxsusdur.
Anarın əsərlərindən, ona verilən qiymətdən danışmağa gərək yoxdur. Necə deyərlər, görünən dağa nə bələdçi. Onun əsərlərini də, verilən qiyməti də milyonlarla oxucusu yaxşı bilir.
"Elə yazıçılar var ki, bir istiqamətdə gedirlər, onları başqa istiqamətdə, yaxud fəzada təsəvvür etmək çətindir və ya mümkün deyil, Anar isə yaradıcılığı ilə bir neçə fəzada görünə bilir”. Bunu biz demirik, Xalq yazıçısı Kamal Abdulla deyib. Yazıçı həmçinin Anarın böyük bir şəxsiyyət olduğunu da vurğulayıb: "O mənada ki, xalqının istəyini duyur, ona sədaqətlidir, sadə insanların, qəhrəmanlarının mənafeyini heç zaman bada vermir. Anar bütün bu insanların arzusunu öz arzusu kimi ürəyində və yaradıcılığında saxlayan bir adamdır”.
Anarın yaradıcılığının əhatə dairəsi geniş olduğu kimi, onun əsərlərinin yayılma coğrafiyası da çox genişdir. Onun mövzularının hüdudları milli-mənəvi sərhədlərimiz daxilində olsa da, yaradıcılıq uğurları çoxdan bu sərhədləri aşıb.
Xalq yazıçısı İsmayıl Şıxlının təbirincə desək, Anar qələmə almaq istədiyi mövzunu mükəmməl araşdırır, tədqiqatçı kimi araşdırmalarla məşğul olur və onu bütöv qavradıqdan sonra yazıya başlayır.
Azərbaycanda Anar adını daşıyan ilk şəxs yazıçı Anardır. Sonralar valideynlər bu adı öz övladlarına çox vermişlər. Hazırda Anar Azərbaycanda ən çox yayılmış kişi adlarından biridir. Elə Xalq şairi Fikrət Qoca da yazıçı haqqında danışarkən Anarın adı ilə doğulduğunu deyib: "O, düşünməyə başlayandan adı daha çox populyar olmağa başladı. Dünyanı tanımaq üçün 100, 500 il də azdır. Amma Anar sanki dünyaya daha hazırlıqlı gəlib. Bizim içimizdən seçilir”.
"Pəncərəmdən baxanda hündür binalarda yanan tək-tük işıqların get-gedə dumana qarışıb necə gözdən itdiyini görürəm. Mənə elə gəlir ki, bu gün təkcə Bakı yox, bütün Azərbaycan qəribə bir mənəvi-əxlaqi duman içindədi. Bu millətin ruhunda, şüurunda, hissiyatındakı bütün işıqlı nöqtələr yavaş-yavaş bu dumanda əriyib yox olmaqdadı. Və sən bu dumanlı məmləkətdə hələ də sönməyən, dumanda əriyib itməyən tək-tük işıqlardan birisən”. Bu həzin cümlələrlə Xalq şairi Ramiz Rövşən Anarı 70 illik yubileyi zamanı təbrik etmişdi. Oxuyarkən yazıçının böyüklüyündən iftixar hissi keçirməmək mümkün deyil.
Hələ bir bu qədər yazıçı Anar haqqında deyilən, səslənən gözəl fikirləri sadalamaq olar:
Xəlil Rza Ulutürk:
Görkəmli Azərbaycan yazıçısı Anarın qələmindən çıxmış "Sizsiz” sənədli romanı müasir Azərbaycan ədəbiyyatının ciddi nəaliyyətlərindəndir. Bu əsər göz yaşı və ürək alovundan yaranmış ən nəcib fikirlər, duyğularla yazılıb. Anar bu romanında Rəsul Rza və Nigar Rəfibəylinin bədii obrazlarını yaradıb.
Bəstəkar Tofiq Quliyev:
Mən yüksək şəxsiyyətli, sevimli şairimiz rəhmətlik dostum Rəsul Rzanın oğlu, mənimlə müqayisədə gənc dostum Anarı ona görə sevirəm ki, o, atasından gələn bir çox insani keyfiyyətləri keşməkeşli dövrlərdən keçirərək özündə yaşada bilib, öz zəhməti, öz çalışqanlığı hesabına biliyini, səviyyəsini artıraraq kamil bir insan, çoxsahəli yaradıcılığı olan həssas duyğulu bir sənətkar və yüksək mədəniyyətli dövlət xadimi olub.
Xalq şairi Sabir Rüstəmxanlı:
Ədəbi həyatda da teatrdakı kimi hərənin öz "ampulası” var və öz təbiətinin ziddinə gedib bundan kənara çıxmaq asan deyil. Mənə elə gəlir ki, Anar ədəbiyyata epizodik, ikinci-üçüncü dərəcəli rollar üçün gəlməyib. Elə bu xüsusiyyət ona həm bədii, həm də elmi-publisist yaradıcılığında mədəniyyət tariximizin ən qaynar nöqtələrinə əl uzatmaq, ən müqəddəs səhifələrini çevirmək haqqı kimi bir mənəvi imtiyaz verib.
Xülasə, yazıçı, çox sevdiyimiz əsərlərin, dönə-dönə izlədiyimiz filmlərin ssenari müəllifi, Yazıçılar birliyinin sədri, Rəsul Rza və Nigar Rəfibəylinin oğlu....Bütün bunlar bir ad altında birləşir - Yazıçı Anar. O Anar ki, əsərlərində heç vaxt yad kəlmələrdən istifadə olunmayıb. O Anar ki, əsərləri doğmadır, oxuduqca dilimizin əsl gözəlliyini və zənginliyini duyuruq. Doğum günün mübarək, həyatı duyan adam!
Günay
Sfera.az






