Bələdiyyələrin sayının azaldılması çıxış yoludurmu? – Açıqlama
Kateqoriya məlum deyil
"Bu günə qədər bələdiyyələrin sayının azalması keyfiyyət dəyişikliyinə gətirib çıxarmayıb. Bələdiyyələrin səlahiyyətləri, maliyyə göstəriciləri baxımından əhəmiyyətli dəyişiklik müşahidə edilməyib”.
Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzovun bələdiyyələrin və bələdiyyə üzvlərinin sayının azaldılması təklifinə münasibət bildirərkən bələdiyyə eksperti Abel Bayramov deyib:
"Dəfələrlə bələdiyyələrlə bağlı təkliflər vermişik. Amma təəssüf ki, heç birinə əhəmiyyət vermirlər. Azərbaycanda bir neçə dəfə bələdiyyələrin böyüdülməsi istiqamətində islahatlar aparılıb. Bir çox bələdiyyələrin birləşməsilə sayları xeyli azaldılıb”.
Həmsöhbətimiz çıxış yolu kimi bu istiqamətdə islahatların paralel aparılmasını vacib sayır: "Problem təkcə say çoxluğunda deyil. İslahatlar paralel aparılmalıdır. Bəlkə də yenidən bələdiyyələrin sayının azaldılmasına ehtiyac var. Amma bununla yanaşı, özünüidarə orqanlarına tam və müstəsna səlahiyyətlər verilməlidir. Səlahiyyətləri konkretləşməli, yerli icra hakimiyyətlərilə səlahiyyət bölgüsü dəqiqləşdirilməlidir. Eyni zamanda, həmin səlahiyyətlərin həyata keçirilməsini təmin edə biləcək maliyyə resursları verilməlidir. İslahatlar kompleks şəklində olmalı, bələdiyyələrin sayının azaldılması ilə yanaşı, səlahiyyət və maliyyə məsələsində də ciddi islahatlar aparılmalıdır. Bu qurumlara dayanıqlı maliyyə mənbələri verilməlidir. Bunlar baş vermədən bələdiyyələrin sayının növbəti dəfə azaldılmasının heç bir əhəmiyyəti olmayacaq”.Elçin
Sfera.az





