“İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri Vətən müharibəsində də yanımızda olub” – Açıqlama
Xəbər verdiyimiz kimi, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) onlayn formada növbəti zirvə toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də toplantıda iştirak edib. Tədbir çərçivəsində Türkiyə, Əfqanıstan və Pakistan rəhbərləri Azərbaycan Prezidentini Vətən müharibəsində qələbə münasibətilə təbrik ediblər.
Xatırladaq ki, İƏT 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən yaradılıb. Azərbaycan 1992-ci ili noyabrından qurumun üzvüdür. Hazırda təşkilatda 10 ölkə, Türkiyə, Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Pakistan və Əfqanıstan təmsil olunurlar. Azərbaycanın dünya miqyasında olduğu kimi, bu qurum daxilində və ona üzv dövlətlər arasında nüfuzu sürətlə artır. 44 günlük savaşda Azərbaycanın əldə etdiyi qələbə bu nüfuzun daha da yüksəlməsinə təsir göstərib.
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Elşən Mirzəoğlu bildirdi ki, dövlət başçımıza ünvanlanan bu təbriklər Azərbaycanın dünyada artan nüfuzunun növbəti bariz nümunəsidir: "Azərbaycan bildiyimiz kimi, regionun lider dövlətidir. Ölkəmizin iqtisadi inkişaf göstəriciləri və dünya dövlətlərilə əməkdaşlıq
imkanlarının getdikcə genişlənməsi buna rəvac verib.
44 günlük Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi qələbə isə ölkəmizin hərbi gücünün qabarıq şəkildə nümayiş etdirilməsi baxımından əlamətdar oldu. Azərbaycan bütün bunlarla siyasi, iqtisadi və hərbi gücünün hansı səviyyədə olduğunu bir daha beynəlxalq güclərə bəyan etdi. Yaranmış bu vəziyyət isə öz növbəsində Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına, həmçinin ölkəmizin təmsil olunduğu müxtəlif təşkilatlarda, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatında dövlətimizə olan münasibətin müsbətə doğru kifayət qədər dəyişməsinə səbəb oldu. Bu mənada İqtisadi Əməkdaşlıq Təşkilatının məlum toplantısında Türkiyə, Pakistan və Əfqanıstan rəhbərlərinin Azərbaycan rəhbərinin ünvanına olan təbrikləri anlaşılan və gözləniləndir”.
Həmsöhbətimiz qeyd etdi ki, Azərbaycanın müharibədə əldə etdiyi möhtəşəm qələbə bölgədə geosiyasi reallığı tamamilə dəyişib: "Bu ölkələr Vətən müharibəsində də yanımızda olub və ölkəmizə mənəvi, siyasi dəstək veriblər. Həmçinin, təşkilatdakı digər dövlətlər də Azərbaycanın yanında olublar. Bu dövlətlərin Azərbaycanla münasibətləri, həm region daxili, həm də regional təşklatlar daxilində, qarşılıqlı maraqlar üzərində qurulub.
Azərbaycanın müharibədə əldə etdiyi qələbə ilə bölgədə geosiyasi reallıqlar dəyişdi. Şimal-Cənub, Qərb-Şərq nəqliyyat kommunikasiyalarının açılması Azərbaycanın bölgəyə iqtisadi və nəqliyyat kommunikasiyası anlamında gətirdiyi yeniliklərdir. Bölgədəki bu geosiyasi reallıq Çinin də xeyrinədir”.
E. Mirzəoğlunun fikrincə, regionla bağlı iqtisadi layihələrdə lokomotiv rolunda Azərbaycan çıxış edir: " Bunun özü də region dövlətlərini Azərbaycanla münasibətləri günün yeni geosiyasi reallıqları müstəvisində qurmağa meylləndirib. Onlar arasında və dünyada Azərbaycana maraq daha da güclənib. Hansı ki, bu maraq öz növbəsində İƏT, ümumiyyətlə dünya ölkələri tərəfindən Azərbaycana investisiyaların artımına səbəb olacaq. Azərbaycanla ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcək”.Elçin
Sfera.az





