İntihar edən məktəblinin atası: "Heç kimə inanmayın"
Bunu Milli.Az-a açıqlamasında mayın 11-də Cəlilabadın Seyidbazar kəndində intihar edən 10-cu sinif şagirdi Vüsal Mirzəyevin atası Rafət Mirzəyev deyib.
Valideynin sözlərinə görə, onlar sözügedən direktorun ailəsi ilə yaxın qohumdurlar: "Direktor Etibar müəllim elə mənim qohumumdur, bibim oğludur. Onun yoldaşı vaxtilə 4-cü sinifdən 10-cu sinifə qədər mənə dərs deyib. Onlara, ilk növbədə, bir müəllim kimi böyük hörmətim var. Kənddə istənilən adam haqqında soruşun onların necə adam olduğunu sizə deyərlər. İradə xanımın guya oğluma pulla əlavə məşğələ keçməsi də yalandır. O müəllimə mənim övladımdan heç vaxt pul almayıb. Onların oğlu Şamil də mənim yaxın dostumdur. Mənim onlardan heç bir şikayətim yoxdur. Mən heç bir şikayət etməyə-etməyə mənim adım hallandırılır, oğlumun ölümündə onlar ittiham edilir. Sonra da bunu götürüb yayırlar. Əgər bir şikayətim olsaydı, elə həmin gün gedib özüm ərizə yazardım. Mən hələlik hadisənin nədən baş verdiyini bilmirəm".
Atası deyir ki, oğlu ilə tez-tez telefonla danışırmış. Münasibətləri də yüksək səviyyədə olub. Lakin oğlu ona hər hansı problemi barədə heç nə deməyib: "Mən işimlə əlaqədar ilin 11 ayı orada-burada oluram. Oğlumla da həmişə dost kimi davranmışam, ata-bala aramızda heç bir problem olmayıb. Onun da hansısa problemi olub mənə demədiyinə də inanmıram. Bunu onun tay-tuşlarından da soruşa bilərsiz. Amma bu müddət ərzində nə uşaq barədə mənə şikayət olmayıb, nə də o, özü kimdənsə mənə şikayət etməyib və ya deməyib ki, hansısa problemi var. İndi deyirlər ki, onun Qamışlıgöl kəndində istədiyi qız olub, ona görə həmin məktəbə getmək istəyirmiş. Ola bilər, utanıb mənə deməyib, amma mən bunu da maraqlanıb dəqiqləşdirəcəm. Ola bilsin ki, belə bir şey olub, bundan da stress keçirə bilər. Amma heç nəyi dəqiq bilmirik".
R.Mirzəyev həyat yoldaşını guya ölümündən qabaq uşaqla yola getmədiyinə görə evdən qovması məsələsinə də aydınlıq gətirib: "Mənim həyat yoldaşımı evdən qovmağım haqqında deyilənlərin də hamısı yalan söhbətdir. Yoldaşım özü bu evdə hüzürdür deyə, ona da pis təsir etdiyinə görə uşağın ölümündən sonra hələlik burada qala bilmədiyi üçün atası evinə gedib. Mənim başım özümə, dərdimə qarışıb. Bu haydı-haydıda mən öz yoldaşımı evdən niyə qovmalıyam ki?! Ətrafda çox şey danışırlar. Heç kimə inanmayın".
Xatırladaq ki, mərhum Vüsal Mirzəyevin dayısı Qamışlıgöl kənd sakini Niyaməddin Mirzəyev qafqazinfo-ya açıqlamasında bacısı oğlu Vüsal Mirzəyevin intihara əl atmasında Seyidbazar kənd orta məktəbinin direktoru Etibar Abdullayev və onun həyat yoldaşı, eyni zamanda həmin məktəbin müəllimi İradə Abdullayevanı ittiham edib.
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, həmin faktla bağla Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yeri və meyidə baxış keçirib. Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə tibb ekspertizası təyin edilməklə iş üzrə istintaq tədbirləri davam etdirilir.






