Məktəblinin ölümünə kim səbəb oldu: direktor, anası, yoxsa sevdiyi? - YENİLƏNİB
18:16
Hadisə ilə bağlı kənd sakini Hilal Abdullayev Milli.Az-a deyib ki, bu məsələdə məktəbin adının hallanması düzgün deyil:
"Mən rəhmətə getmiş Vüsal Mirzəyevin ailəsini yaxından tanıyıram. Bir kəndli kimi onların xeyrində-şərində iştirak edənlərdənəm. Bu hadisədə məktəb direktorunun və müəllimin adının hallanması düzgün deyil. Uşaq rəhmətə getməzdən bir gün qabaq onun anası da özünü zəhərləyibmiş. Görünür, ailədə hansısa söz-söhbət, münaqişə olub. Bu da, yəqin, uşağa pis təsir edib, psixoloji sarsıntı keçirib.
Elə ona görədir ki, uşağın atası və babası onun anasını evdən qovublar. İndi isə onun dayısı ailədən intiqam almaq məqsədilə iftira atır və məsələni məktəbin üstünə yönəldir. Mən eyni kənddə yaşadığımıza görə həmin direktoru da, müəllimi də yaxşı tanıyıram. Çox gözəl, təmiz, halal insanlardır. Onların bu kənddən onlarla ziyalı insanların çıxmasında böyük əməyi olub. Axı uşaq məktəbdə cəmi 5-6 saat olur. Qalan vaxtı evdə olur. Əgər məktəbdən, müəllimlərdən şikayət olsaydı, atası, babası, bibisi və digər yaxınları edərdi. Maraqlıdır, niyə onlar yox, başqa kənddə yaşayan dayısı şikayət edir?! Halbuki, o şəxs heç bu kəndin yolunu da düz-əməllli tanımır".
----------
17:45
Məktəblinin intiharı ilə bağlı yeni detallar üzə çıxıb.
Belə ki, bununla əlaqədar məsələdə adıçəkilən Seyidbazar kənd orta məktəbinin direktoru Etibar Abdullayev və müəllimi İradə Abdullayevanın oğlu Şamil Abdullayev Milli.Az-a bildirib ki, əslində, məsələ heç də təqdim olunan formada deyil:
"Əvvəla, intihar edən Vüsal Mirzəyev bizim qohumumuzdur, yəni atamın dayısı nəvəsidir. Mən özüm isə onun atası Rafət Mirzəyevlə yaxın dostam. Onun böyük əmisi isə atamla yaxın dostdur. Vüsal rəhmətə gedən vaxt da mən uşağın atası ilə bir yerdə xəstəxanada olmuşam. Yəni, ailəvi dostuq, qohumuq, get-gəlimiz var. Uşaq rəhmətə gedən andan bəri də həm mən, həm də valideynlərim bu ailənin yanında olmuşuq. Onun dəfnində də iştirak etmişik. Uşağın ölümündən bir həftədən çox vaxt keçməsinə baxmayaraq, indinin özündə də rahat şəkildə o ailəyə, evə gedib-gəlirik.
Qeyd edilir ki, guya əlavə məşğələyə görə anama, yəni İradə müəlliməyə pul verilib. Bu doğru deyil. Məşğələ şagirdlərə pulsuz olub. Bura kənd yeridir, hamı da bir-birini tanıyır. Yalan danışmağın yeri yoxdur. Bunu çox rahat şəkildə yoxlamaq da olar. Artıq həm hüquq-mühafizə orqanları, həm də nazirlik səviyyəsində gəlib məktəbdə araşdırma aparılıb, izahat alınıb. Uşağın atası da, babası da bildiriblər ki, onlar məşğələyə görə bircə qəpik də pul verməyiblər, bundan əlavə, nə müəllimdən, nə də direktordan narazı deyillər.
İkincisi, rəhmətlik bir həftədən çox imiş ki, məktəbə gəlmirmiş. Bu, jurnalda da qeyd olunub. Çünki Qamışlıgöl kəndində istədiyi qız vardı. Ona görə də həmin kənddə məktəbə getmək istəyirdi. Mərhumun anası da əslən həmin kənddəndir, dayısı da o kənddə yaşayır. Məhz buna görə rəhmətlik anası ilə dəfələrlə mübahisə etmişdi ki, məktəbini dəyişib istədiyi qızın oxuduğu məktəbə getsin. Hətta bunu etməsələr, buna görə dəfələrlə anasına özünü öldürəcəyini deyirmiş. Bunu qonşular da təsdiq edə bilər.
Bundan əlavə, rəhmətlik bir az tənbəl, bir az da dalaşqan uşaq idi. Anası ona iş tapşıranda işləmək istəməzdi. Buna görə də anası tez-tez onu danlayırdı. Buna görə də ana-bala dalaşardılar. Öz məktəb yoldaşlarına, dostlarına deyirmiş ki, evdən bezib, getmək istəyir".
Məsələnin niyə bu cür təqdim edilməsinə gəlincə, Ş.Abdullayev bunu belə izah edib: "Çünki rəhmətlik Vüsalın atası artıq uşaq rəhmətə gedəndən sonra vəziyyəti öyrənib, bilib və anasından faktiki ayrılıb. Daha doğrusu, anasını evdən qovub. Deyib ki, əgər bircə övladıma baxa bilmirsənsə, get atan evinə, mənim evimdə qalma. Uşaq rəhmətə gedən gündən bəri onun anası bir gün də olsa, həmin evdə qalmayıb. Hər gün atası evinə gedib sonra hüzür yerinə qayıdıb. Ona görə də indi uşağın dayısı bu cür danışır və günahı valideynlərimin üstünə atırlar. Guya atamın məktəbdə uşaqlara Vüsalla ünsiyyət qurmaması üçün tapşırıq verməsi də tam yalandır. Əgər belə olsaydı, sizcə, övladı ölmüş şəxs düşməni ilə hazırda belə dost ola bilərdi? Əgər atam, anam səbəbkar idisə, niyə hər gün biz onlarda, onlar bizdədir? Niyə bu qədər yaxşı münasibətlərimiz var? İndi məsələni tamam başqa cür təqdim edirlər. Dəqiq bilirlər ki, hüquq-mühafizə orqanları məsələni araşdıracaq və kimin günahkar olduğunu üzə çıxaracaqlar. Onlar dəqiq bilirlər ki, uşaq özünü niyə asıb və gözəl bilirlər ki, səbəbkar uşağın anasıdır. Elə bu səbəbdəndir ki, uşağın anası ər evində deyil, atası evində qalır..."
----------
11:14
Mayın 11-də Cəlilabadın Seyidbazar kəndində intihar edən 10-cu sinfi şagirdi Vüsal Mirzəyevin ailəsi oğullarının ölümünə görə kənd məktəbinin direktoru və onun həyat yoldaşını günahlandırırlar.
Milli.Az bildirir ki, mərhum V.Mirzəyevin dayısı Niyaməddin Mirzəyev qafqazinfo-ya açıqlamasında deyib ki, bacısı oğlu direktorun həyat yoldaşı İradə müəllimin hazırlıq kursundan çıxdığı üçün uzun müddət ona təzyiq olunub: "Bacım oğlu Vasif Mirzəyev mayın 11-də səhər saatlarında özünü evin həyətindəki yardımçı tikilidə asıb. Uşaq səhər tezdən durub həyətdə oturubmuş, atası Rafət onu yeməyə çağırsa da, oğlu gəlməyib. Daha sonra səs-küy düşüb ki, Vasif özünü asıb. Rafət gedib görüb, evin arxasında "pres ipi"ni 2 dəfə boynuna dolayıb, özünü öldürüb".
Mərhumun dayısı N.Mirzəyev iddia edir ki, Vasifin özünü asmasına Seyidi kənd məktəbinin direktoru Etibar və onun həmin məktəbdə müəllim işləyən həyat yoldaşı İradə səbəb olublar: "Vasif sonuncu sınaqlarda 550-630 bal yığırdı. O, direktorun yoldaşının yanına hazırlığa gedirdi. Təxminən 2 ay əvvəl uşaq mənə dedi ki, müəllim məndən dərs soruşmur, heç nə öyrətmir, onun hazırlığından çıxmaq istəyirəm. Biz də razılaşdıq, onu oradan çıxartdıq. Bu hadisədən sonra direktor da, yoldaşı da Vasiflə zidd düşdü. Müəllimin dərsində nəsə olub, uşaqlar hamısı gülüşüblər, Vasif də gülüb. Hamının içində onu ayağa qaldırıb: "Sən kimsən, nə gününə gülürsən? Sənə 2 verirəm, gedib gülərsən", - deyib. Direktor özü də Vasifə "pozğun" deyib üstünə qışqırıb. Məhz 25 manat hazırlıq puluna görə. Vasifin sinif yoldaşlarına tapşırıb ki, heç biriniz onunla danışmayın, hamısı da elə edirdi. Uşaqlara tapşırırdı, Vasifi onlarla birgə top oynamağa qoymurdular, 7-8 nəfər yığışıb onu döyürdülər. Məktəbə gedəndə bibisioğluna deyirmiş, mənim arxamca gəl, dərsə girim. Vasif gəlib mənə dedi ki, dayı, məni bu məktəbdən çıxart. Biz rayon Maarif Şöbəsinə ərizə yazdıq. Müdir müavini Asif müəllim dedi ki, bu ili birtəhər yola verin, gələn il dəyişərsiz. Vüsal da dözmədi, özünü öldürdü. İntihar etmədən əvvəl "Votsap"da mesaj yazıb bibisinə göndərib".
N.Mirzəyev həmin mesajı sayta təqdim edib. Həmin mesajı redaktə ilə təqdim edirik: "Ətrafdakı gəncləri tanıdıqca özümü şərəfli ölümə etibar etdim. Özümü öldürmək mənim zəifliyim deyildi. Ədalətsiz gənclərin, müəllimlərin haqsız..."
Qeyd: Son cümlə beləcə yarımçıq bitir.
Vüsal Mirzəyevin atası Rafət Mirzəyev açıqlamasında deyib ki, o, Bakıda işləyir, buna görə də oğlu intiharından öncə baş verənləri daha çox dayısına və bibisinə danışıb: "Vüsal bütün sirlərini dayısına deyirdi. Mən il ərzində cəmi 1 ay evdə oluram. Amma Vüsalın məktəbdən çıxmaq məsələsində burada idim. Deyirdi ki, bezmişəm bu məktəbdən, məni çıxarın, dayımgilin kəndində, Qamışlıgöldə oxuyacağam. Biz də birlikdə gedib ərizə yazdıq, Vüsal 4-5 gün Qamışlıgölə getdi. Mən ona dedim ki, Seyidbazardakı məktəbdən çıxmaq haqda sənəd al. Çünki Qamışlıgöl kəndindəki məktəbdə adı getmirdi, özü gedirdi. Seyidbazar kəndində məktəbdə adı qalmışdı, qaib yazılırdı. Vüsal məhz o məktəbə də getmək istəmirdi. İntihar edən gün anasına deyib ki, əgər məni ora göndərsəniz, özümü öldürəcəyəm. Biz də dedik ki, bala, dərsindən qalma, get. O da özünü asdı".
Mərhum Vüsal Mirzəyevin bibisi Vüsalə Yusifova sayta açıqlamasında bildirib ki, qardaşı oğlunu tez-tez məktəbdə döyürmüşlər: "Vüsal deyirdi, məni təhqir edirlər, sıxışdırırlar, adam içinə çıxmağa qoymurlar. Deyirdi, bu məktəbdən bezmişəm. O məktəbdə hamı ona qarşı idi, Vüsal tək qalmışdı".
Məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edilib. Qurumdan bildirib ki, rayon təhsil şöbəsi bu işə aydınlıq gətirəcək.
Cəlilabad Rayon Təhsil Şöbəsindən isə sayta bir cümləlik cavab verilib: "Qeyd etdiyiniz məsələ cinayət hadisəsi olduğundan hüquq-mühafizə orqanlarına müraciət etməyiniz xahiş olunur".
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, həmin faktla bağla Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yeri və meyidə baxış keçirib. Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə tibb ekspertizası təyin edilməklə iş üzrə istintaq tədbirləri davam etdirilir.






