İcra hakimiyyətləri ləğv olunacaqmı? - Açıqlama
"Yaxın gələcəkdə icra hakimiyyətlərinin tamamilə ləğv olunub, yerli özünüidarə orqanlarının formalaşdırılacağına inanmıram”.
Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin son iclasında icra hakimiyyətlərinin ləğv olunaraq səlahiyyətlərinin bütünlüklə bələdiyyələrə verilməsi barədə səslənən təklifləri dəyərləndirərkən "Mülki Cəmiyyətə Doğru” İctimai Birliyin sədri Abel Bayramov deyib:
"İndiki situasiyada icra hakimiyyətlərinin ləğv olunaraq, bütün səlahiyyətlərinin yerli özünüidarə orqanlarına veriləcəyi inandırıcı görünmür. Gələcəkdə isə əlbəttə ki, yerli icra hakimiyyətlərinin bir institut olaraq tamamilə ləğv olunaraq, yerlərdə seçkili orqanların yaradılması mümkündür. Lakin bu yaxın perspektivdə gözlənilmir”.
Həmsöhbətmiz düşünür ki, icra hakimiyyətlərinin ləğvi idarəetmədə keyfiyyət dəyişikliyinə səbəb ola bilər: "Bu halda yerli ictimai xidmətlərin keyfiyyəti əhəmiyyətli dərəcədə artar. Yerlərdə sosial-iqtisadi inkişaf baş verəcək. Habelə resurslara qənaət etmək imkanı yaranacaq. Digər tərəfdən isə mərkəzi hakimiyyətin yükü də azalmış olacaq”.
Elçin
Sfera.az.






