“Dünyada yol polisinin kolun dalında gizlənmə praktikası keçmişdə qalıb, bizdə isə...” - Tanınmış jurnalistdən ETİRAZ
Sfera.az xəbər verir ki, bunu tanınmış jurnalist, bloger və səyyah Azər Qərib öz "Facebook" səhifəsində bildirib.
Jurnalist ölkədə yol hərəkəti qaydalarının düzgün təşkilinin həyata keçirilmədiyindən narazılıq edərək, yol polisinin davranışının dəyişməli olduğunu qeyd edib:
"Ötən həftənin cümə günü yol polisi məni cərimələdi. İnspektor cəriməni tam qanuni olaraq yazdı, qaydanı pozmuşdum və buna iradım yoxdur. Amma sualım var...
Vergilər Nazirliyi tərəfindən Nərimanov heykəli tərəfə düşən yol həmin heykəlin üstündə yol ayrıcına dirənir. Sağa dönüb yuxarı getmək nisbətən problem deyil, mərkəzə tərəf aşağı düşmək isə böyük problemdir, çünki keçmiş "Sovetski”dən gələn maşın axını dayanmır, sən isə onlara yol verməlisən. Yəni, praktiki olaraq qayda pozmadan aşağı tərəfə sola dönmək qeyri-mümkün məsələdir.Çox vaxt isə orada ya avtomobilli, ya motosikletliyol polisi durur.Həmin o gün, yəni 5 fevral tarixində o yolda motosiklet durmuşdu, saat 14:30 idi. Motosiklet niyə orada durmuşdu? Tam hazır vəziyətdə, əlləri sükanda, əməlli başlı start pozisiyasında... Onu orada görən sürücülər qayda güdərək "Sovetski” dediyimiz küçədən gələn avtomobillərə yol verirdilər və gözləyirdilər. Nəticədə, həmişə olduğu kimi uzun bir növbə düzülmüşdü, bir neçə cərgə, sıxlıq, təhlükəli vəziyyət və s. Orada tam yersiz olan piyada keçidini də nəzərə alsaq, həmin yol ayrıcında yaranan xaosu təsəvvür etmək olar.
Hələ oradan cürət edib yolu keçmək istəyən piyadalara yaranan təhlükəni demirəm... Mənim anlayışımda motosikletdə oturan inspektor motosikletdən düşüb yol hərəkətini tənzimləməliydi, onu qaydaya salmalıydı və s.
Yəni, mən yol polisinin vəzifəsini sürücünün işini asanlaşdırmaqda, ona yardımçı olmaqda görürəm, qayda pozmağa təhrif edib cərimə yazmaqda deyil. Bu, yol hərəkətinə nəzarətdə ən önəmli məsələdir, eyni zamanda dünya təcrübəsində əlifba kimi bir şeydir - yol polisinin işi qayda pozuntusunu qabaqlamaqdır, sürücüyə şərait yaratmaqdır ki, o, qaydanı pozmasın.
Bizdə isə sovet qoxusu gəlir bu sahədən. Sanki hər şey edilir ki, qayda pozuntusu baş versin, konkret misallarla sübut edə bilərəm dediklərimi, elə biri də bu...
Yol polislərinin davranışına, hörmətlə yanaşmalarına, təmkininə, səbrlə cərimə yazmaqlarına iradım yoxdur, həqiqətən inqilabi dəyişiliklər görürəm davranışda.
Amma bütövlükdə bu, sadəcə pambıqla baş kəsməkdir. Hansı dövrdə yaşayırıq? Pusquda durmaq dövründəmi? Nərimanov heykəlinin üstündə duranlarla yanaşı bir YPX avtomobili də gizlənib heykəlin aşağısında durur, sola dönən kimi görürsən onları. Dünyada, hər halda inkişaf etmiş ölkələrdə yol polisinin kolun dalında gizlənmə praktikası keçmişdə qalıb. Onların məqsədi qayda pozuntularının sayını azaltmaqdır, cərimə protokollarının sayını artırmaq deyil.
Əlbəttə, oralarda sürücülər də bizlərdən qat-qat intizamlı və qanunpərəstdirlər, amma yol polisinin işi də fərqlidir. Uzaqdan görünən yol nişanları, svetoforların yerləri və s. Bizim "çoxbilənlər" isə hətta "svetofor”lardan saniyə göstərən tabloları yığışdırırlar. Niyə? Ona görə ki, qayda pozuntusu çoxalsın və cərimələr axsın ciblərə.
Yenə də deyirəm, mənə yazılan protokola iradım yoxdur, amma sual sual olaraq qalır - belə iş metodu inspektorların şəxsi təşəbbüsüdür, yoxsa rəislərinin göstərişi?
Ümumiyətlə, Bakıda yol hərəkətinin təşkilində çox böyük problemlər var, onları həll etmək əvəzinə BNA ilə DYP yarışa çıxıblar, kim daha çox cərimə yazacaq.
Cərimələr yazılmalıdır, etirazımız yox, amma siz əvvəl yol hərəkətini müasir standartlarla tənzimləyin, sonra bizdən həmin standartlara müvafiq hərəkət etməyi tələb edin.
Yoxsa ki, problemli yerdə yol hərəkətini idarə etmək əvəzinə səbrlə durub qayda pozuntusunu gözləmək?
Bizdə elə təsəvvür yaranır ki, bir rəhbər burada nişan qoydurur, sonra digəri gəlib yerini dəyişir, sonra qərar yenə də dəyişilir, bir gün buradan dönmək olar, sabah olmaz, sonra yenə qaytarırlar, dəlləkliyi başımızda öyrənirlər sanki.
Onlar eksperimentlər edir, biz cərimə ödəyirik. Necə deyərlər, əliniz cibinizdə olsun...".
Sfera.az
İnci






