SOCAR əməkdaşının uşağını oğurlayan tutuldu - "Uşağımıza işgəncə verib" - YENİLƏNİB - FOTO
17:41
Qonşuların verdiyi məlumata görə, uşağı atası özü tapıb.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, qonşuluqda yaşayan Ülvü adlı uşaq Hüseynitdikdən sonra atası Elnura deyib ki, bir neçə gün əvvəl onu da tanımadığı bir adam aldadaraq yad bir yerə aparıb. Qonşu uşaq Hüseyndən bir neçə yaş böyük olub. O, Hüseynin tapıldığı yarımçıq tikilidən geri qayıdıbmış. Hüseynin atası Elnur qonşu uşağın göstərdiyi tikiliyə gedib və öz oğlunu orda tapıb.
Atası qonşulara bildirib ki, Hüseynin olduğu ikinci mərtəbəyə pilləkən olmayıb. Güman ki, bunu uşaq oradan qaçmasın deyə ediblər və Hüseyn orda tək olub. Onu qaçıran adam tikilidə olmayıb. Uşağı atası Elnur, onu oğurlayan Elnuru (Məmmədov) isə polis tapıb.
Uşağı qaçıran şəxslə əlaqə saxlanılıb və istədiyi pulun ona veriləcəyini bildirib. Çantaya kağız və karton yığılıb, Hüseynin atası pulu verən an əməliyyatçılar uşaq oğrusunu saxlayıb.
Hüseynin oğurlanması haqda atası belə deyib: "Uşaq evlərindən bir az aralıda küçə ilə gedərkən həmin şəxs ona yaxınlaşıb və Hüseyni futbol klubuna qoymaq istədiyini deyib. Sonra isə ona top vermək istədiyini və bunun üçün onunla bir yerə getməli olduğunu deyib. Hüseyn buna inanmadıqda, telefonu qulağına tutaraq guya mənimlə danışırmış kimi edib. Sonra isə uşağa "atanla danışdım, razıdı" deyib və uşaq da ona inanıb".
Görünən budur ki, uşaq oğrusu bunu xeyli əvvəldən planlaşdırıb və təxminən bir həftə əvvəl qonşu uşağı öz toruna salmağa cəhd edib. Bundan başqa, Hüseynin yaşadığı evin qapısının üstündə dini kəlam həkk olunması, uşaq oğrusunun özünü "İŞID"çi kimi təqdim etməsi də diqqət çəkir.
Qeyd edək ki, Hüseynin atası Elnur Ramazanlı və babası Hüseyn "SOCAR"ın əməkdaşlarıdır.
Qafqazinfo-nun əməkdaşları uşağın saxlanıldığı iki mərtəbəli tikiliyə də baş çəkiblər.
Hüseynin saxlandığı villa qəsəbənin kənarında, ucqar hissədə yerləşir. Həmin villadan sonra otlaq sahələri başlayır. Villa isə Gədəbəy rayon sakininə məxsusdur. Hələ tam formada tikilib qurtarmayıb. Taxta materiallardan düzəldilmiş pilləkən və heç bir yerə bərkidilməyən nərdivanla ikinci mərtəbəyə çıxmaq mümkündür. Hüseyn isə ikinci mərtəbədə sol küncdə 2 kvadratmetr yerdə saxlanılıb. Orada isə təmir zamanı dayaq kimi istifadə olunan boş çəllək və taxta birləşmə var. Yerə dağılan günəbaxan tumları isə uşaq oğrusunun orada qısa vaxt keçirtmədiyini bəlli edir.
Biz 9 yaşlı uşağın girov kimi qaldığı villadan geri qayıtdığımızda balaca Hüseyn və atası artıq evlərinə gəldilər.
Sfera.az əməkdaşı da girov götürülən uşağın yaşadığı evə baş çəkib.
Hüseynin anası Ramilə Ramazanlı bildirib ki, oğlu mayın 9-da həyətdə oynayan zaman oğurlanıb: "Hüseyn həyətdə oynayırdı. Üstündən bir müddət vaxt keçəndən sonra gördüm ki, Hüseyn həyətdə yoxdur. Axşam saat 22 radələrində bir nəfər zəng edib dedi ki, uşağınızı girov götürmüşəm. Uşağı azad eləmək üçün 30 min manat verməlisiniz.
Tələb edirdi ki, əvvəlcə 10 min, sonra isə 20 min manat verilməlidir. Bundan sonra həyat yoldaşım polisə müraciət etdi. Polis bizə Hüseyni şəhərcikdə tikintisi başa çatmamış ikimərtəbəli tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlanmış şəkildə tapdı".
R.Ramazanlının sözlərinə görə, Hüseynin xilas olunmasından xəbərsiz olan Elnur Məmmədovadlı şəxs yenidən onlara zəng edərək, pul tələb edib.
Onun sözlərinə görə, Hüseyni qaçıran Elnurun bu ilin mayın 28-də toyu olacaqmış: "Elnur uşağımıza işgəncə verib. Təsəvvür edin ki, Elnur Hüseynin əlini, ayağını bağlayıb, ona işgəncə verib. Bu qəddarlıqdır".
Hazırda Hüseyn və atası polis bölməsində dindirilir.
Hüseyn Ramazanlını girov götürən Elnur Məmmədov onlarla qonşuluqda yaşayırmış.
-----------
12:24
Bakıda özünü İŞİD üzvü kimi təqdim etmiş şəxs 8 yaşlı uşağı girov götürüb.
Sfera.az APA-ya istinadən bildirir ki, mayın 10-da Sabunçu rayonu ərazisində yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı 12-ci Polis Bölməsinə müraciət edərək mayın 9-da 8 yaşlı oğlu Hüseynin evdən çıxaraq geri qayıtmadığını bildirib.
Aparılmış araşdırmalarla özünü "İŞİD" üzvü kimi təqdim etmiş şəxsin E.Ramazanlının mobil telefonuna dəfələrlə zəng edib oğlu Hüseyni girov götürməsi, azad edilməsi müqabilində 30 000 manat pul istəməsi və polisə bu barədə məlumat veriləcəyi təqdirdə onun orqanlarını çıxarıb satacağını deməsi müəyyən edilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Abşeron rayon sakini Elnur Məmmədov tutulub, şəhərciyin ərazisində yerləşən 2-mərtəbəli tikintisi başa çatmamış tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn tapılaraq valideynlərinə təhvil verilib.
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.






