5-ci illik Vergi Konfransı keçirildi
Bu gün Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Vergilər Nazirliyi ilə birgə təşkil etdiyi “Vergi sistemində inkişaf və əməletmə” mövzusuna həsr olunmuş 5-ci illik Vergi Konfransı keçirilib.
"Qafqazinfo"nun məlumatına görə, konfransı giriş sözü ilə açan AmCham-ın prezidenti İlqar Vəliyev tədbir iştirakçılarını salamlayaraq AmCham ilə Vergilər Nazirliyi arasındakı əməkdaşlığın səviyyəsindən məmnun olduğunu bildirib.
Tədbirin əsas məqsədinin ölkənin vergi sistemində aparılan islahatlar, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, vergi ödəyicilərinin vergi öhdəliklərinə əməletməsi səviyyəsinin daha da yüksəldilməsi, vergi orqanı ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsi, yüksək vergi mədəniyyətinin formalaşdırılması ilə bağlı məsələləri müzakirə etmək olduğunu vurğulayan İ.Vəliyev qeyd edib ki, Azərbaycan iqtisadiyyatının hər bir sahəsində fəal olan yüzlərlə xarici və yerli şirkəti özündə birləşdirən AmCham, ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin olmasında maraqlıdır.
Qurum tərəfindən artıq 5-ci ildir ki, vergi partnyorluğu mövzusunda tədbirlər həyata keçirilir, vergitutma sahəsində aktual olan mövzular üzrə müzakirələr aparılır, konkret təkliflər irəli sürülür.
Konfransda “Gələcək vergi islahatları və adekvat vergi modelləri”, “Vergi qanunvericiliyinə əməletmə sahəsində nəzarətin gücləndirilməsi”, “Şəffaflığın artırılması istiqamətində innovativ xidmətlər”, “İqtisadi çətinliklər zamanı mümkün vergi islahatları”, “Vergi məsələləri üzrə qaldırılan cinayət işlərinin əsas cəhətləri”, “Biznesin inkişafında və investisiyaların cəlb edilməsində vergi sisteminin rolu”, “Vergi şəffaflığı: yeni qlobal hesabat standartı” və s. mövzularda təqdimatlar dinlənilib, Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər geniş müzakirə olunub.






