Logo

Bu gün Mikayıl Müşfiqin anım günüdür

Bu gün Mikayıl Müşfiqin anım günüdür
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Yanvarın 6-sı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin anım günüdür.

Sfera.az şairin həyat hekayəsini təqdim edir:

Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, "Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. O, 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib.

Mikayıl Müşfiqin ilk mətbu əsəri olan "Bu gün” şeiri 1926-cı ildə "Gənc işçi” qəzetində, "Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə "Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun "Küləklər”, "Günün səsləri”, "Buruqlar arasında”, "Bir may”, "Pambıq”, "Vuruşmalar”, "Şeirlər”, "Şəngül, Şüngül, Məngül”, "Qaya”, "Kəndli və ilan” kitabları nəşr olunub.

Stalin repressiyasının qurbanı olan 29 yaşlı Mikayıl Müşfiq 1938-ci ildə yanvarın 6-da güllələnərək öldürülür.

1957-ci ildən başlayaraq "Seçilmiş əsərləri”, "Əsərləri”, "Duyğu yarpaqları”, "Əbədiyyət nəğməsi”, "Könlümün dedikləri”, "Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə "Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.

Şairin xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin "Mikayıl Müşfiqin 100 illik yubileyinin keçirilməsi haqqında” 2007-ci il 16 aprel tarixli Sərəncamına uyğun olaraq şairin yubileyi dövlət səviyyəsində qeyd edilib, ölkəmizin hər guşəsində silsilə tədbirlər reallaşdırılıb.

Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadə şairlə son görüşünü belə xatırlayır:

"1937-ci il iyun ayının 4-ü idi. Bir də gördüm gecə saat 3-də qapı döyüldü. Gözlənilməyən qonaqlar gəldi bizə. 2 nəfər idilər. Biri cavan oğlan idi - Müşfiqin məktəb yoldaşı azərbaycanlı. Digəri isə qaşqabaqlı yaşlı bir kişi. O oğlan Müşfiqə dedi ki, ay Müşfiq vallah səni aparmağa gəlmişik. Özüm də həyəcan keçirirəm. Bu saat elə bir pis vəziyyətdəyik ki, evdən çıxanda ailə üzvlərimizlə sağollaşırıq ki, bəlkə geri qayıtmadıq. Sonra evi axtardılar, Müşfiqin "Dilbərnamə”sini tapdılar. Bu zaman Müşfiq dedi ki, ona dəyməyin, o Dilbərə aiddir, verin ona... Lakin, sonradan "Dilbərnamə”sini bir daha görə bilmədik.

Müşfiq sapsarı saralmışdı, mən də çox ağlayırdım. Müşfiq mənə dedi ki, Dilbər narahat olma, nigaran qalma, qayıdıb gələcəyəm. Apardılar onu... Mən ayrılığa dözə bilmədiyimdən, görüş almaq üçün Daxili İşlər Komissarlığına müraciət etdim. Nəhayət ki, mənə görüş verdilər. Görüş zamanı gördüm ki, Müşfiqin rəngi saralıb, solğun görünürdü. Mənim ilk görüşümlə son görüşüm arasında böyük bir təzad vardı. İlk görüşümdə onunla ən şən, ən xoşbəxt dəqiqələrim olduğu halda, son görüşüm Müşfiqin ən ağır, kədərli, fikirli dəqiqələri oldu. Rəngi qaçmışdı, solğun idi, arıqlamışdı. Amma, özünü ələ alırdı ki, mənə təsəlli versin. Deyirdi ki, Dilbər, qorxma, axırda hər şey bilinəcək. Biləcəklər ki, biz havayı yerə getdik. Həqiqət heç bir zaman qalmaz belə.

Sözlərini Nizaminin bu misraları ilə bitirdi:

Qorxma, ayın, günün tutulmasından,
Hər qaranlıq gecənin bir gözəl ulduzu var.

Bu mənim Müşfiqlə son görüşüm oldu".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR