Paşayeva daha bir şəhid atası ilə görüşdü
Kateqoriya məlum deyil
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon Mahmudavar kənd sakini, şəhid hərbi qulluqçu Nayib Qasımovun atası Akif Qasımovla görüşüb.
Sfera.az xəbər verir ki, Qənirə Paşayeva şəhid atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb.
"Sizin oğlunuz, şəhid Nayib Qasımov Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda” medalı ilə təltif edilib. Bu medal oğlunuza respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə, vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə verilib.
Nayib kimi vətənpərvər gənclərimizlə hər zaman qürur duyacağıq!” – millət vəkili bildirib.
Şəhid atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından məktublar təqdim edilib.






