BANM-də “Qanlı Yanvar” filminin nümayişi oldu
Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir və “ANS Şirkətlər Qrupu”nun sifarişi ilə istehsal olunan, eyni zamanda adıçəkilən şirkətin prezidenti Vahid Mustafa Yevin rejissorluğu və ssenarisi əsasında ekranlaşdırılan “Qanlı Yanvar” bədii filminin nümayişi olub. “Qafqazinfo” xəbər verir ki, tədbirdə filmin yaradıcı heyəti, o cümlədən baş rolların ifaçıları – Azər Aydəmir, Faiq Mirzəyev və Tamilla Həmidova iştirak edib. Tədbirdə giriş nitqi ilə çıxış edən BANM-in rektoru Elmar Qasımov Azərbaycan xalqının keçdiyi şanlı qəhrəmanlıq tarixindən söz açaraq, 20 Yanvar faciəsinin əslində xalqımızın igidlik, mübarizlik və şücaətlə dolu qəhrəmanlıq günü olduğunu bildirib. Elmar Qasımov “Qanlı Yanvar” bədii filmi haqqında danışaraq ekran əsərində cərəyan edən hadisələrin real faktlara əsaslandığını dedi. O, Azərbaycan xalqının qan yaddaşında unudulmaz iz buraxan hadisənin dünya ictimaiyyətinə çatdırılmasının çox vacib olduğunu bildirərək filmin ərsəyə gəlməsində Vahid Mustafa Yev başda olmaqla, yaradıcı heyətə və əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Filmin baş rollarının ifaçıları – Azər Aydəmir, Faiq Mirzəyev və Tamilla Həmidova BANM-də olmaqdan məmnunluqlarını dilə gətirərək Ali Məktəbin rəhbərliyinə filmin nümayişi üçün yaradılan şəraitə görə təşəkkür ediblər.






