Bakıya niyə istilik verilmədi? - AÇIQLAMA
2020-2021-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqadar "Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası başa çatdırılıb.
Sfera.az bildirir ki, bunu "Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.
Qurum rəsmisi bildirib ki, bu gün axşam saatlarından başlayaraq istilik sistemləri işə başlayacaq.
"Dünən ictimai nəqliyyat işləmədiyi üçün işçilər tam tərkibdə işə çıxa bilməyiblər. Bu səbəbdən də bir çox ərazilərdə istilik verilməyib. Bu gün axşam saatlarından, ən geci sabah səhərdən başlayaraq paytaxtda bütün ərazilərdə istilik veriləcək”, - deyə Rafiq Əliyev bildirib.
Qurum rəsmisi onu da vurğulayıb ki, mövsüm ərzində cəmiyyətə məxsus 559 qazanxana istismar edilməklə 3870 yaşayış binası, o cümlədən 182 minə yaxın mənzil, 287 məktəb, 159 uşaq bağçası, 162 səhiyyə müəssisəsi və 1950 digər sosial və təsərrüfat obyektləri istiliklə təmin ediləcək.






