ABŞ-da diaspor təmsilçimiz Axıska türklərinə təşəkkür etdi
"Hamısında hədsiz dərəcədə Azərbaycan sevgisinin olmağını müşahidə etmək məni sevindirdi".
Sfera.az xəbər verir ki, bunu ABŞ-da yaşayan diaspor təmsilçimiz Əkbər Aslanov Facebook hesabında Atlantda onlara dəstək olan Məsxəti (Axıska) türklərinə təşəkkürünü bildirərkən qeyd edib.
Onun sözlərinə görə, türklər tədbir günü də onların yanında olublar:
"Atlantada həmvətənlərimiz çox az sayıdadır. Ancaq orda hazırlıqlar üçün bir gün əvvəl getdiyimizdə vaxtilə vətənimizə pənah gətirib daha sonra Amerikaya köçmüş Məsxəti (Axıska) türkləri olan soydaşlarımızın bizə göstərdiyi qonaqpərvərlik və dəstək məni heyran etdi.
Atlantaya tədbirdən 1 gün əvvəl getmişdik müəyyən hazırlıqları tamamlamaq üçün. Dərnəklərinin qapısını üzümüzə açdılar, bizə bu işləri görmək üçün əllərindən gələn hər şeyi etdilər. Üstəlik, uzaqdan gələn doslarımızı nəzərə alıb möhtəşəm süfrə hazırlamışdılar. Tədbir günü də yanımızda oldular. Hamısında hədsiz dərəcədə Azərbaycan sevgisinin olmağını müşahidə etmək məni sevindirdi. Azərbaycan bu deməkdir! Tək vətən, çox millət, çox dil, çox mədəniyyət! Biz birlikdə güclüyük! Var olsunlar! Var olsun Azərbayacan!"






