"Ümid edirəm ki, neftin qiyməti gələn il 60-70 dollar olacaq" - İlham Əliyev Davosda (Yenilənib)
"Fikrimcə, OPEC üzvləri və böyük qeyri-OPEC istehsalçıları arasında neft istehsalının azaldılması ilə bağlı koordinasiya olarsa, bir nəticə əldə edə bilərik. Təəssüf ki, OPEC-in hər toplantısından sonra neftin qiyməti düşür. Ona görə də biz növbəti OPEC görüşündən narahatıq. Əgər bir razılaşma və koordinasiya olmasa, bu vəziyyət davam edəcək".
Bunu Azərbaycan prezidenti İlham Əliyev Davos Davos Forumu çərçivəsində keçirilən “The new energy equation” adlı paneldə çıxışında deyib.
Dövlət başçısı bildirib ki, hər gün neftin yeni qiymətlərinin qeydə alınması həm psixoloji, həm dövlət büdcəsini balanslaşdırmaq, həm də neft-qaz sahəsinə investisiya cəlb etmək baxımından yorucudur.
“Dövlətlə şirkətlər arasında olan fərq budur. Biz sosial, sənaye infrastrukturuna, neft-qaz sahəsinə investisiya yatırmaq üçün istehsalın səviyyəsini eyni saxlamalıyıq. Bu, çox da uyğun vəziyyət olmasa da, Azərbaycan üçün islahatlara başlamaq baxımından yaxşı vaxtdır. Biz iqtisadi, maliyyə sahələrində, ixrac yönümlü qeyri neft sektorunun inkişafı istiqamətində fundamental islahatlara başlamışıq. Biz neft faktoru barədə düşünməməyə çalışırıq”, - deyə o bildirib.
Prezident İlham Əliyev Azərbaycanın mövcud vəziyyətin öhdəsindən gələ biləcəyini də diqqətə çatdırıb:
"Azərbaycanda iqtisadi vəziyyət stabildir. Xarici borcumuz ÜDM-in 12%-ni təşkil edir. Xarici valyuta ehtiyatlarımız təxminən ÜDM-lə eyni səviyyədədir. Əminəm ki, biz böhranı idarə edə biləcəyik. Ancaq biz əlbəttə ki, növbəti illər büdcəmizi müəyyənləşdirmək üçün proqnozlaşdırıla bilən gələcək istərdik”.
Dövlət başçısının sözlərinə görə, neftin qiyməti ilə bağlı vəziyyət dövri xarakter daşıyır:
“Mən xatırlayıram ki, biz 1994-cü ildə böyük neft layihələrinə başlayanda neftin qiyməti 12 dollar idi. İnkişaf layihələri hazırlayanda neftin qiymətinin 22 dollar olacağına ümid edirdik. İndi qiymət həmin rəqəmə yaxınlaşır. Ümid edirəm ki, bazar stabilləşəcək. Çünki neft sektoru investisiyaya ehtiyac duyur. Aydındır ki, neftin qiyməti qalxacaq. Proqnoz vermək istəmirəm, amma ümid edirəm ki, gələn il neftin qiyməti 60-70 dollar olacaq. Bu ilin ikinci yarısının isə stabilləşmə dövrü olacağına ümidvaram".
Ölkə başçısı Azərbaycanda iki dəfə baş tutan devalvasiya haqqında da fikrini bildirib:
“1 manat 1,3 dollar idi. Birinci devalvasiya manatla dolları bərabər etdi. İkinci devalvasiya isə həm də qonşu ölkələrin milli valyutalarının düşməsi səbəbi ilə baş verdi. Çünki bu səbəbdən bizim məhsullar rəqabət gücündə olmurdu. Bu isə bizim büdcəyə əlavə yük idi. Mümkün qədər müqavimət göstərməyə çalışırıq. Milli bank ehtiyatımızdan bir qədər itirməli olsaq da, bu tədbirləri görməli idik. Bu səbəbdən də əhali arasında müəyyən narahatlıqlar yarandı. Çünki bu bizim idxal etdiyimiz məhsulların qiymətinə dərhal təsir etdi. Biz hələ də müəyyən məhsullarla bağlı xarici bazardan asılı ölkəyik. İnsanlarımız qiymətlərin qalxmasına hazır deyildilər. Ancaq indi bu mərhələ bitib. Düşünürəm ki, Azərbaycanda iqtisadi inkişaf dayanıqlı olacaq. Bizim iqtisadiyyatımız dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri idi - son 10 ildə 300 faiz gəlir. Bu, böyük rəqəmdir. Ancaq tsikl indi aşağı düşür. Bununla belə, düşünürəm ki, hazırkı ehtiyatlarımız bu vəziyyəti idarə edəcək”.






