Natiq Miri - Ola bilsin Vaşinqtonla Moskva arasında müəyyən bazarlıq aparılsın
"Rusiya ABŞ vasitəsilə Türkiyənin Azərbaycandakı varlığına əngəl olmaq istəyir”
Sfera.az-a açıqlamasında bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenkonun ABŞ-ın Moskvadakı səfiri Con Sallivanla telefon danışığında digər məsələlərlə yanaşı Dağlıq Qarabağ problemini də müzakirə etmələrinə münasibət bildirərkən politoloq Natiq Miri deyib: "Bilirsiniz ki, Rusiya Azərbaycanda Türkiyənin varlığından ciddi narahatdır. Rusiya bilməmiş deyil ki, Türkiyə ordusunun Azərbaycanda keçirilən hərbi təlimlərdən sonra müəyyən hissəsi hələ də ölkəmizin ərazisində qalmaqdadır. Paralel olaraq ən müasir pilotsuz uçan hava aparatlarını Azərbaycana verməklə yanaşı onun idarə olunmasında da qardaş ölkə Azərbaycana yardım etməkdədir. Yəni indiki halda Bakı ilə Ankara siyasi və hərbi cəhətdən birgə addımlar atır. Bu isə Kremli ciddi narahat edir. Düşünürəm ki, Moskvadakı ABŞ səfiri ilə Rusiya Xarici İşlər nazirinin müavini Rudenko arasında baş tutan telefon danışığının Dağlıq Qarabağla bağlı müzakirəsində diqqəti çəkən əsas qayəsindən biri də məhz Türkiyə amili olub”.
Politoloqun fikrincə, hər iki həmsədr dövlət anlayır ki, Azərbaycan və onun işğal olunmuş ərazilərində müharibə təhlükəsi yaranıb, ona görə də tərəflər məsələni müəyyənləşdirmək istəyir: "Bu müstəvidə ola bilsin Vaşinqtonla Moskva arasında müəyyən bazarlıq da aparılsın. Ən azından yəqin Rusiya buna çalışır. Bu bazarlıq da Türkiyənin Azərbaycanda mövcud olması amili və Kremlin bundan qıcıqlanmasından irəli gəlir. Rusiya Türkiyənin ciddi şəkildə Azərbaycanda mövcud olmasını, Dağlıq Qarabağ məsələsində aktiv olmasını istəmir. Belədə Moskva dolayısı ilə ABŞ vasitəsilə buna əngəl olmağa çalışır. Moskva hazırda Türkiyənin varlığından tək Cənubi Qafqazda narahat deyil. Moskva həmçinin Suriya və Liviyada Türkiyə amilinin güclənməsindən əndişələnir. Görünür, Rudenko ABŞ səfirilə telefon danışığında Qarabağ məsələsini müzakirə edərkən məhz Türkiyənin Azərbaycanda mövcud olması amilini Vaşinqton rəsmisinin diqqətinə çatdırıb”.
Elçin






