Meydan.tv-dən maliyyə yoxlanışı ilə bağlı AÇIQLAMA
"Saytınızda Meydan.tv-nin Berlin ofisində maliyyə yoxlamaları aparılması, kanalın cərimələnməsi haqda yazılanlar əsassızdır və həqiqəti əks etdirmir”.
Sfera.az xəbər verir ki, bunu saytımıza göndərdiyi məlumatda Meydan TV-nin həmtəsisçisi, hazırda saytın sosial media meneceri olan Həbib Müntəzir yazıb.
Onun sözlərinə görə, Meydan Tv-nin Berlin ofisi artıq neçə aydır ki, pandemiya ilə əlaqədar ümumiyyətlə fəaliyyət göstərmir:
"Hazırda işçilər evdən işləyirlər, "home office" sistemi ilə. Ümumiyyətlə vergi ilə əlaqədar problemlərdə Almaniyada polis harasa basqın etmir, burada hər qurumun özünün səlahiyyətində olan işlər var. Gömrük xidməti var, bu, onların nəzarətindədir.
Meydan TV isə Almaniyanın istənilən rəsmi qurumu ilə şəffaf işləyir və fəaliyyətimiz davam edir. Bizə heç bir cərimə tətbiq edilməyib. İşçi heyəti ilə problemlərimiz yoxdur. Mütəmadi olaraq kimlərsə yeni işə təyin olunur, kimlərsə ayrılır, bu da normal prosedurdur.
Borca görə heç bir işçi işindən ayrılmayıb, çünki borcumuz yoxdur”.






