“Uşaq pulu, böyük pulu, nənə pulu, baba pulu...” – Mirşahin deputatları topa tutdu

“Uşaq pulu, böyük pulu, nənə pulu, baba pulu...” – Mirşahin deputatları topa tutdu
 

"İlham Əliyev pandemiyanın uzun müddət davam edəcəyi barədə ilk dəfə danışmır. Və elə buna görə də dövlət öz xəzinəsini, maddi imkanlarını, iqtisadi çəkisini gözdən keçirir, təftiş edir, səylə, ciddi surətdə yoxlayır ki, vətəndaşın etibarlı sosial müdafiəsini uzun müddətli xüsusi vəziyyət üçün təşkil edə bilsin. Yəni dövlət başçısı əslində ölkə üçün böhran dövründə iqtisadiyyatın qorunması və artırılması modeli tətbiq edir. Necə deyərlər, karantin rejimi yumşalır, Prezidentin ritorikası isə sərtləşir". 

 

Sfera.az  xəbər verir ki, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.

Daha sonra o bildirib: "Biz həm də belə demək mümkünsə, uçuş zamanı yanacaq doldurulması prosesinin şahidləri və iştirakçıları, həm də sərnişinləriyik. Əslində Prezident islahatların 2018-ci il paketinin davamını həyata keçirməklə məşğuldur. Yəni Əliyev islahatları heç nəyi təxirə salmadan, iş qrafikini dəyişmədən, amma pandemiya şəraitini nəzərə almaqla həyata keçirir. Və elə buradaca mühüm bir təzada toxunum. 

Prezidentin dövlət vəsaitini əhalinin ehtiyaclarına sərvaxt və sərrast, ehtiyat və ehtiyacı nəzərə alaraq yönləndirməsi cəmiyyətin müəyyən bir qisminin, o cümlədən Parlamentdə təmsil olunan maliyyə blokundakı bəzi fürsətcil populislərin müntəzəm "pul qopartmaq!” çağırışları ilə müşayiət olunur. Yəni Prezident keçirdiyi toplantılarda böyük vəsait itkilərinin qarşısını almaq tapşırıqları verir, buna nail olur, sızmaları yaradan qara dəlikləri axtarır, sonra, hüquq-mühafizə orqanlarının dili ilə desək aşkar edilərək götürülmüş vəsaiti xalqın ehtiyaclarına yönəldir. Parlamentin bəzi üzvləri isə Xeyriyyə Fondu məntiqilə yalnız "ona pul ver! Buna pul ver!”, "Onun müavinatını artır, bunun müavinatını artır, aradabir bizim də maaşımızı qaldır!” fəlsəfəsindən uzağa getmir”.

Mirşahin Ağayev deyib ki, bu əhval-ruhiyyənin kökü bir neçə il əvvələ gedib çıxır: 

"Problemli kreditlərin ödənməsi, 11 min manatlıq vəsait ətrafında yaradılmış ajiotaj, hətta mədəniyyət və incəsənət nümayəndələrinin Prezident və birinci xanımla görüşündə mənəvi yox, məhz maddi məsələlərin prioritetə çıxarılması zamanına. Bax o zaman da köhnə deputatlar "hamam suyu ilə dost” prinsipinə uyğun olaraq dövlət büdcəsində deşik axtarırdılar. 

İndi də onların davamçıları dövlət büdcəsinə qənaət yox, səxavət gözü ilə baxırlar. Baxmayaraq ki, koronavirus dünyası fərdi məsuliyyət hissini prioritetə çevirib və bu gün insanlarda yəqin ki, ilk növbədə ağır durum üçün yeni büdcə mədəniyyəti aşılanmalıdır. 

Bu baxımdan Milli Məclisin bəzi üzvlərinin dövlət büdcəsinə geniş ağuş bucağından baxması ondan xəbər verir ki, deyəsən belə deputatlara pandemiya şəraiti, ağır günün xüsusi dolanışıq qrafiki barədə kurslar keçmək lazımdır. Bəli sosial layihələrin heç bir vacibi, ən zərurisi təxirə salınmadı. Amma bu o da demək deyil ki, deputat yeni şəraiti, qlobal böhranı nəzərə almamalı, uşaq pulu-böyük pulu, nənə pulu, baba pulu, turp pulu deyib durmalıdır. Büdcə anlayışı, büdcə mədəniyyəti yeni çağırışlara adekvat olaraq dəyişməlidir. 

Yazıçının, aktrisanın, heykəltəraşın, jurnalistin, deputatın, onun, bunun dövlətdən pul istəmək vaxtı keçməlidir. Analitiklərimiz İcbari tibbi sığorta, ümumiyyətlə sığorta məsələlərinin ön plana çıxmasını da məhz yeni iqtisadi-maddi düşüncə tərzindən çıxış edərək şərh etməlidir. Doğrudur qlobal fəlakətdən qorunmaq üçün yardım vəsaitləri, necə deyərlər, dövlət nəzirləri ayrılır. Onların təyinatı üzrə xərclənməsinə xüsusi nəzarət edilir. Amma eyni zamanda ödənişli ictimai iş yerləri də yaradılır ki, burada vətəndaşın işləmədən dişləmək vərdişi formalaşmasın. 

Prezident bu gün dövlətin təsisçi obrazını təqdim edir. Son müşavirə də bu platformanın təqdimatının davamı idi. Təkrar edirik. Prezident ölkənin pul ehtiyatlarına uzunmüddətli qlobal böhrana davamlı hazırlıq və çevik reaksiya baxımından yanaşır. Ona görə də hər kəsi dövlət intizamına, vətəndaş məsuliyyətinə, qanuna riayətə çağırır”.



OXŞAR XƏBƏRLƏR

Bakıda məktəblərdən uşaqlar qaçırılır? – DİN-dən reaksiya

“Vatsap qruplarında valideynlər arasında şagirdlərin məktəblərdən qaçırılmasına dair iddialar yayılıb. Uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan ...

Azərbaycan Ordusunun şanlı gücü: XTQ-nin yaradılmasından 26 il ötür

Bu gün, 30 aprel 2025-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrinin elit birləşmələrindən biri olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasından 26 il öt...

Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsində cərimələrlə bağlı edilən dəyişikliklər barədə vətəndaşlara müraciət edib....

"Kapital Bank" əməkdaşları kütləvi ağacəkmə aksiyasında iştirak etdilər

"Kapital Bank" əməkdaşları Azərbaycan Banklar Assosiasiyasının üzvlərinin iştirakı ilə həyata keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak ediblər. ...

İtkin düşən 84 yaşlı kişinin meyiti tapıldı

Qusar rayonunda dörd gün əvvəl itkin düşən şəxsin meyiti aşkar olunub.   Sfera.az xəbər verir ki, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 y...

Bu 4 bürcə ŞAD XƏBƏR - Yeni mərhələ başlayır

30 aprel - 6 iyun tarixləri arasında bəzi bürclər həyatda yeni bir mərhələyə qədəm qoyacaq.   Sfera.az xəbər verir ki, astroloq Kateryna Solovio...