Partiya sədri: “Koronavirusa dövlət-vətəndaş birliyi nəticəsində qalib gəlmək mümkün olacaq”
"Dünyanı bürüyən və təəssüf ki, ölkəmizdən də yan keçməyən koronavirus pandemiyası davam etməkdə və genişlənməkdədir. Buna baxmayaraq, dövlət səviyyəsində həyata keçirilən və getdikcə dərinləşməkdə və genişlənməkdə olan tədbirlər Azərbaycanda pandemiyanı nəzarət altında saxlamağa imkan verib və bunlar ümid verir ki, çox yaxın zamanda koronavirusun tamamilə yox olmasına nail ola biləcəyik”.
Bunu "Report”a açıqlamasında Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib.
Onun sözlərinə görə, koronavirusun qəfil peyda olması və sürətlə yayılması göstərdi ki, dünyanın heç bir ölkəsi, o cümlədən Azərbaycan, ona qarşı mübarizəyə hazır deyildi:
Partiya sədri təəssüflə qeyd edib ki, koronavirus həm ölkəmizin iqtisadiyyatına, həm də əhalimizin yaşayış səviyyəsinə mənfi təsirlərini göstərməkdədir:
"Ancaq koronavirusun ölkəmizdə yayılmağa başladığı ilk gündən həyata keçirilən qabaqlayıcı tədbirlər göstərdi ki, Azərbaycan dövlətinin əsas diqqəti koronavirusun əhalinin güzəranına mənfi təsirlərinin minimuma endirlməsinə istiqamətlənmişdir. Son 6 ayda ölkə iqtisadiyyatının 1,7% geriləməsinə baxmayaraq heç bir sosial layihə təxirə salınmadı və salınmayacaq. Məlumdur ki, koronavirus ən çox güzəranını gündəlik məşğulluqla təmin edən insanlara mənfi təsir göstərib və göstərməkdədir. Koronavirusun bu insanlara təsirini müəyyən qədər yumşaltmaq üçün onlara, eləcə də, işsizlərə dövlət hesabına 190 manatlıq yardım göstərilib və bu yardım davam etməkdədir. İqtisadi çətinliklərə baxmayaraq, 2020-ci ildə 300 min nəfərin yaşadığı 85 min ailəyə ünvanlı sosial yardımın verilməsi, 7 min köçkün, 1 500 şəhid ailəsinə, silahlı qüvvələrin 400 zabitinə yeni mənzillərin verilməsi nəzərdə tutulur”.
T.Qənioğlu xatırladıb ki, pandemiya vəziyyətinin nə qədər davam edəcəyi hələlik məlum deyil:
"Qeyd edildiyi kimi, bu pandemiyanın həm ölkə iqtisadiyyatına, həm də xüsusilə insanların güzəranına mənfi təsirlərinin minimuma endirilməsi üçün dövlət imkan daxilində lazımi tədbirləri həyata keçirir. Ancaq nəzərə almaq lazımdır ki, dövlətin imkanları tükənməz deyil. Pandemiyanın uzun müddət davam edəcəyi təqdirdə dövlətin imkanları da tükənə bilər. Ona görə də, hər bir vətəndaş koronavirusla mübarizəni özünün də əsas vəzifəsi hesab etməli, onun yayılmasının qarşısını almaq üçün verilən tövsiyyələrə riayət etməlidir. Unutmaq lazım deyil ki, koronavirusa yalnız dövlət-vətəndaş birliyi nəticəsində qalib gəlmək olar və inanırıq ki, belə də olacaq".






