Dövlətdən Manata böyük dəstək – 12%-dən yuxarı gəlir
Maliyyə Nazirliyi yastıq altındakı pulları dövriyyəyə qaytarmaq üçün istiqraz buraxılışına hazırlaşır. Əhali manat vəsaitlərini həmin istiqrazlara yatıraraq ildə 12%-dən çox qazana biləcək.
Maliyyə Nazirliyi dövlət büdcəsinin kəsrini örtmək üçün istiqraz buraxılışını bərpa edəcəkdir.
Sfera.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov ANS TV-yə müsahibəsində bildirib.
"2016-cı ildə büdcə xərclərimiz 18 milyard manatdan çox olacaqdır. Nəticə olaraq 1,5 milyard manatdan çox büdcə kəsiri yaranacaqdır. 2015-ci ilin dövlət büdcəsinin icrası zamanı müəyyən qənaət var, təxminən 1,4 milyard manat civarındadır. Biz həmin vəsaiti bu ilin büdcəsindəki kəsiri bağlamaq üçün istifadə edəcəyik. Həmçinin Dövlət Borc Agentliyi tərəfindən dövriyyəyə istiqraz buraxılışını həyata keçirəcəyik".
Samir Şərifov deyib ki, dövlət istiqrazlara vəsaitini yatıranlara yüksək faiz təklif edəcəkdir:
“Biz bazara istiqrazlar təqdim edəcəyik. İstiqrazlara yüksək faiz verəcəyik. Biz təklif edirik ki, kimin yastıq altında manatı varsa, həmin vəsaiti bu istiqraza yatırsınlar. İstiqrazların faizi inflyasiya faizindən də yüksək olacaqdır. Azərbaycanın İqtsadiyyat Nazirliyinin yenilədiyi sosial-iqtisadi inkişaf proqnozunda inflyasiya proqnozu 10-12% götürülür. İstiqraz üzrə gəlirlilik bu faizlərdən də yüksək olacaqdır. Biz istəyirik ki, yastıq altındakı pullar istifadəsiz qalmasın.
Eyni zamanda biz xarici valyutada da istiqraz buraxacağıq. Xarici valyutada istiqraz üzrə isə yüksək faiz verməyəcəyik. Təxminən 3% səviyyəsində təklif edəcəyik. Biz istəmirik ki, insanlar banklardakı dollar depozitlərini çıxartsınlar. Yastıq altında dolları olanlar da vəsaitləri dollar istiqrazlarına yatıra bilərlər. Həm manatda, həm də dollarda istiqrazın buraxılması əhaliyə seçim imkanı verəcəkdir”.
Ekspertlər bildirirlər ki, əhali yastıq altındakı dolları manata çevirərək dövlətin istiqrazlarına yatıra bilərlər.






