Dünyanı gözləyən təhlükə - 30 il sonra... - VİDEO
Dünya okeanı ciddi təhlükə ilə üz-üzə qalıb. Belə getsə, 30 ildən sonra okeanlarda plastik qabların sayı balıqlardan çox olacaq.
Sfera.az atv.az-a istinadən xəbər verir ki, dünyanı tək başına yelkənli qayıqla dolaşan məşhur idmançı Ellen Makartur iri su hövzələrinin sürətlə çirklənməsi məsələsinə diqqət çəkib. Rekordçu xanım idmançının sözlərinə görə, onun rəhbəri olduğu təşkilat, bu istiqamətdə araşdırma aparıb və ortaya dəhşətli nəticələr çıxıb.
Məlum olub ki, dünya okeanında çirklilik səviyyəsi son 10 ildə ciddi şəkildə artıb. Bir il ərzində təqribən 311 milyon ton plastik qab istehal edilir. Və bunun 8 milyonu istifadə edildikdən sonra okeanlara atılır. Bu hər dəqiqə okeana bir yük maşını plastik qabların atılması deməkdir. Tullantıların əsasən çaylar vasitəsiylə okeanlara axdığı vurğulanır. Problemi beynəlxalq tədbirlərin birində qaldıran Ellen Makartur, bunun qarşısının alınması üçün adımların atılmasını vacib hesab edib.
Okeanların çirklənməsi təkcə iri su hövzələrindəki canlıların məhv olması demək deyil, həm də insanların həyatını ciddi təhlükə qarşısında qoyur. Vurğulanır ki, son illərdə dünya miqyasında xəstəliklərin çoxalmasına məhz bu amil birbaşa təsir göstərir.






