Gəncə Lokomotiv Deposu nə zaman hazır olacaq? - VİDEOREPORTAJ
Son illər "Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) iri layihələr həyata keçirilir və ölkənin dəmir yolunun inkişafı istiqamətində hər il əvvəlki illərlə müqayisədə irəliyə doğru daha bir addım atılır, yeniliklər edilir. Həmçinin yeni sürət elektrik qatarları alınır. Təbii ki, belə olan şəraitdə infrastruktur da buna uyğun qurulur və yenilənir. ADY bu məqsədlə infrastruktur zəncirinin bütün hissələrini buna uyğun formalaşdırır. İnfrastrukturun formalaşmasında mühüm rolu isə təmir və bərpa depoları həyata keçirir. Dəmir yolunda depolar dəmir yolu infrastrukturunun sürətli və fasiləsiz keçidini təmin edir.
"Report"un əməkdaşları ADY-nin hazırda tikintisi davam edən Gəncə Lokomotiv Deposunda olublar.
Gəncə Lokomotiv Deposunda görülən işlərlə və deponun tikintisində diqqət yetirilən məqamlarla bağlı suallarımızı deponun layihə rəhbəri İbad İbadov cavablandırıb.
İ.İbadov vurğulayıb ki, deponun ərazisində həyata keçirilən işlərə beynəlxalq mütəxəsislər nəzarət edir: "Gəncə Lokomativ Deposunda layihələndirmə işlərini Türkiyə və Azərbaycanın mütəxəsisləri həyata keçiriblər. Hazırda isə inşaat işlərinə fransız şirkəti nəzarət edir. Ümumiyyətlə, beynəlxalq mütəxəsislərin təcrübəsindən faydalanaraq layihəmizi mükəmməlləşdirib, inşaat işlərinə başlamışıq”.
ADY-nin Gəncə Lokomotiv Deposunun rəisi Ramil İsmayılov bildirib ki, depoda işlərin 70%-i görülüb: "Tikinti işlərinin avqustun sonlarında yekunlaşması gözlənilir. Ümumi avadanlıqların quraşdırılmasının ilin sonuna qədər başa çatdırılması planlaşdırılır”.
Qeyd edək ki, Gəncə Lokomotiv Deposunda videoçəkiliş ölkədə koronavirus pandemiyasına görə karantin qaydalarının tətbiqindən əvvəl aparılıb.






