Rabitə Nazirliyi internet şaiyələrinə qarşı mübarizə apara bilmir - İTTİHAM
"İnternet resurslarında yayılmış çaşdırıcı məlumatlarla mübarizə "Azəriqaz”, "Azərsu”, "Azərişıq” kimi qurumların imkanları xaricindədir. Sosial şəbəkə və internetdə yayılan belə saxta şayiələri birmənalı şəkildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müəyyən etməlidir”.
Sfera.az-a açıqlamasında bu sözləri son dövrlər internetdə, sosial şəbəkələrdə müxtəlif yalan şaiyələrin yayılması fonunda onu təkzib edən rəsmi açıqlamaların çox gec verilməsi və yaranmış vəziyyətin çaşqınlığa səbəb olmasına münasibət bildirərkən politoloq Cümşüd Nuriyev deyib.
Həmsöhbətimizin sözlərinə görə, sözügedən olay məhz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin öz işini lazımi səviyyədə qura bilməməsindən qaynaqlanır:
"Son zamanlar sosial şəbəkələrdə təxribat xarakterli şaiyələr xeyli artıb. Bütün bu kimi işlərlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məşğul olmalıdır. Prosesə onlarla yanaşı, Mətbuat Şurası da nəzarət etməlidir. Qurumun analitik qrupları olmalıdır və onlar da şayiə yayan informasiyaları müəyyənləşdirib qarşısını almalıdır”.
C. Nuriyevin fikrincə, yaranmış vəziyyət onu göstərir ki, Mətbuat Şurası da üzərinə düşən işin öhdəsindən gələ bilmir: "İnternetdə yayılan dezinformasiyalarla bağlı adı çəkilən nazirliklə yanaşı, Mətbuat Şurası da məşğul olmalıdır. Belə vəziyyətlərdə Mətbuat Şurası Rabitə Nazirliyinə müraciət etməlidir. Onlara bununla bağlı maliyyə ayrılır”.
Politoloq adını çəkdiyi həmin iki qurumu yaradıcılıq qabiliyyətinin kasad olmasında günahlandırdı: "Məsələ ondadır ki, həmin adını çəkdiyim qurumların özlərinin yaradıcılıq qabiliyyəti yoxdur. Bu istiqamətdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyəti yumşaq desək kifayət qədər qaneedici səviyyədə deyil. Bu qurum günün tələblərinə cavab vermir. Bu kimi dezinformasiyalar Azərbaycanın koronavirusla apardığı uğurlu mübarizəsinə kölgə salmağa hesablanıb. Ona görə də bu cür təxribatlar gözləniləndir. Ona cavab verməkdən ötrü isə mütləq şəkildə sözügedən nazirlik fəaliyyətini dövrün tələblərinə uyğun qurmağı bacarmalıdır”.
Elçin
Sfera.az






