Türkiyə ilə Azərbaycan arasında 6 sənəd imzalandı – FOTO
Martın 15-də Ankarada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası başa çatdıqdan sonra prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.
Bu barədə Oxu.Az AzərTAc-a istinadən xəbər verir.
"Azərbaycan ilə Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Protokolu”nu Azərbaycanın Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.
"Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair Protokol”u Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının şəxsi heyət üzrə rəisi, korpus generalı İlhan Talu imzalayıb.
"Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu imzalayıb.
"Azərbaycan Ədliyyə Nazirliyi ilə Türkiyənin Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Türkiyənin daxili işlər naziri Efkan Ala imzalayıb.
"Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”i Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Türkiyənin daxili işlər naziri Efkan Ala imzalayıb.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Hökuməti arasında texniki əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Baş nazirinin müavini Abid Şərifov və Türkiyə Respublikası Baş nazirinin müavini Yalçın Akdoğan imzalayıb.
Qeyd edək ki, ümumilikdə tərəflər arasında 6 sənəd imzlanıb.