Logo

"Bu zaman dayanacaqlarda sıxlıq hallarının şahidi olmarıq" - RƏY

"Bu zaman dayanacaqlarda sıxlıq hallarının şahidi olmarıq" - RƏY
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkədə xüsusi karantin rejimi elan olunub və bir sıra iş yerləri müvəqqəti olaraq bağlanıb. Lakin buna baxmayaraq yenə də dayanacaqlarda insan sıxlığı ilə qarşılaşmaq mümkündür. Bəs dayanacaqlarda sərnişin sıxlıqlarının müşahidə olunması nədən irəli gəlir?

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Azər Allahverənov bildirdi ki, müəyyən pik saatlarda dayanacaqlarda kifayət qədər çox insanın yığışdığı hallar müşahidə olunur:

"Metropolitenin bağlanması ilə bir çox insan avtobuslara yönəldi. Belə ki, metropolitenlə gün ərzində 600-700 min sərnişin daşınırdı və təhsil müəssisələri bağlanarkən metro ilə daşınan sərnişinlərin sayının 30% azaldığı bildirmişdi ki, bu da təqribən 200 min insan deməkdir. Karantin rejiminin gücləndirilmiş formada həyata keçirilməsi ilə 400 min metropoliten sərnişinlərinin müəyyən bir hissəsinin iş yerləri bağlandı. Metropoliten fəaliyyətini müvəqqəti dayandırdıqdan sonra isə fəaliyyəti davam edən insanların məhz avtobuslara yönəldilməsi təqribən avtobus dayanacaqlarına 200-300 min insanın axın etməsinə səbəb oldu. Belə olduğu təqdirdə isə xəttə buraxılan avtobus sayları kifayət etməyə bilərdi. Buna görə də, Bakı Nəqliyyat Agentliyi (BNA) iritutumlu avtobusların xəttə buraxılması və xətdə xidmət göstərən avtobusların intervallarının azaldılması ilə bağlı qərar qəbul etdi. Çünki dayanacaqlara gələn insanların sayında kəskin artım müşahidə olunmağa başlamışdı. Icaze.e-gov.az saytının statistikasına da nəzər saldıqda bir çox insanın iş icazəsinin olduğunu görə bilərik".

Ekspertin sözlərinə görə, belə olan halda xəttə buraxılan avtobuslar sərnişinlərə xidmət göstərməklə bərabər təhlükəsizlik qaydalarına əməl etməlidirlər:

"Avtobuslarda yan oturacağın boş saxlanılması, sərnişinlərin sayında limitlərin tətbiq olunması kimi sosial məsafənin qorunması ilə bağlı tələblər yoluxma riskini aşağı endirmək üçün xüsusi önəm daşıyır. Bəzi hallarda isə avtobus qarşısında sıxlıqlar müşahidə olunur. Avtobuslar dayanarkən insanların axın etməsinin əsas səbəbi məsafə saxlamaq yox, tez bir zamanda avtobusun salonuna daxil olmaqdır. Bu da qapı qarşısında sıxlığın yaşanmasına səbəb olur. Bunu idarə etmək müəyyən mənada çətindir və bilavasitə sərnişinlərin davranışları ilə bağlı məsələdir. Dayanacaqlarda gözləyən zaman və növbə zamanı ara məsafəsinin saxlanılması olduqca aktualdır və burada məsuliyyət yenə də biz vətəndaşların üzərindədir. İstənilən halda öz hərəkət və davranışımıza diqqət etməli, lüzumsuz yerə, səbəb olmadan küçəyə çıxmamalıyıq. İnsanlar gündəlik küçəyə çıxmanı sms sisteminə uyğunlaşdırmalıdırlar. Bu zaman dayanacaqlarda sıxlıq hallarının da şahidi olmarıq".

"Həmçinin karantin rejimində fəaliyyət göstərən müxtəlif iş yerlərinin rəhbərləri, cavabdeh strukturlar mərhələli iş qrafiki, müəyyən keçici saatlar üzrə iş fəaliyyəti məsələlərini nəzərdən keçirə bilərlər. Məsələn, saat 9-dan 6-a qədər normal iş saatı müəyyən olunurdusa, karantin şəraitində bunun vaxtını 8-dən 5-ə, 10-dan 7-ə və ya digər formada etməklə pik vaxtlarda dayanacaqda gözləyən və avtobusla hərəkət edən şəxslərin axınını bölüşdürmək və xoşagəlməz halları aradan qaldırmaq olar", - deyə, ekspert əlavə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR